Aydın Bəşirov gəmini belə oğurladı

30-07-2015, 22:31           
Aydın Bəşirov gəmini belə oğurladı
Bakı buxtasındakı yaxtanın yoxa çıxması ətrafında yaranmış qalmaqalın yeni təfərrüatları bəlli olub.
Füzuli Abdullayev adlı Bakı sakini bir neçə gün əvvəl polisə müraciət edərək Bakı buxtasındakı “Yaxt-klub”da lövbər salan 65 metrlik yaxtasının oğurlanmasından şikayət edib.
Sonradan isə məlum olmuşdu ki, bu yaxta “Xəzər Dəniz Gəmiçiliyi İdarəsi” QSC-nin keçmiş sədri Aydın Bəşirovun oğlu İlqar Bəşirova məxsusdur. Bu faktı “Yaxt-klub”un mətbuat katibi Əhməd Əsgərov da təsdiqləyib

İlqar Bəşirov

“Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin gəmi itməyib və gəminin fotolarını mətbuata təqdim edəcəyik. “Yaxt-klub”dakı dayanacağa gəlincə isə ora pulludur və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq məqamlar və suallar mövcuddur” - deyə Ə.Əsgərov bildirib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bu yaxta Aydın Bəşirov “Kaspar”ın rəhbəri olan dövrdə özəlləşdirilib, daha doğrusu, mənimsənilib. Özü də söhbət yaxtadan yox, Bakı-Ənzəli (İran) marşrutu üzrə hərəkət edən məşhur “Quryev” sovet paroxodundan gedir.
Lakin Aydın Bəşirov o zaman qanunları kobud şəkildə pozaraq dövlət əmlakı sayılan “Quryev” paroxodunu qəsb edib və onu oğlu İlqar Bəşirova verib. Bəşirovun oğlu da öz növbəsində qəsb olunmuş bu dövlət əmlakını yaxta kimi yenidən qurdurub.
“Kaspar”ın yeni rəhbərliyi isə dövlət əmlakının qanunsuz yollarla qəsb olunması faktını yalnız Aydın Bəşirovun istefasından sonra qəfildən yada salıb. “Xəzər Dəniz Gəmiçiliyi”nin iki kateri isə “Quryev”i yalnız bir həftə əvvəl Bakı limanına qaytarıb. Bu qəribə, amma tipik azərbaycansayağı əhvalatın bütün təfərrüatları qısaca olaraq bundan ibarətdir.

Lakin bir məqam qaranlıq qalır: məmurun qanunsuz əməllərinin qarşısını almaq və ədaləti bərpa etmək nəyə görə yalnız həmin məmurun istefasından sonra mümkün olur? Oliqarx və ya cinayətkar vəzifə tutduğu dövrdə toxunulmazlığını saxlayır. Əgər Aydın Bəşirov hökumətdə yüksək vəzifə tutmaqda davam etsəydi, “Quryev” paroxodunu çətin ki, ondan geri alıb dövlətə qaytaraydılar.
Məmurlar bu sözləri yorulub usanmadan təkrarlayırlar: “Dövlət bizik!”.
Bu da sizə əyani sübut. Əks halda Aydın Bəşirov da, oğlu İlqar da tutduqları əməllərə görə indi Azərbaycan türməsində cəza çəkməli idilər. Lakin təəssüf ki, oliqarx-məmurlar hətta istefa verəndən, vəzifələrini itirəndən sonra da şəxsi toxunulmazlıqlarını qoruyub saxlayırlar. Onların maksimum itirə biləcəkləri şey isə yalnız yaxta və zavodları olur.../anspress/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.