6 gün əvvəl Azərbaycanda itkin düşən balıqçılar İranda tapıldı
16-08-2015, 19:56
Avqustun 10-da Xəzərdə itkin düşmüş 4 neftçalalı balıqçı tapılıb. teref.az yazır ki, bu barədə virtualaz.org-a itkin balıqçılardan birinin qohumu, Neftçala rayon sakini Tanrıverdi Əliyev məlumat verib.
T.Əliyev bildirib ki, Neftçala rayonunun Qoltuq kənd sakinləri olan 4 balıqçı sağ-salamatdır: “Həmin 4 nəfərin ailələrinə verilən məlumata görə, onlar İran İslam Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblarmış və hazırda İrandadırlar”.
İtkin düşən şəxslərin adlarını təqdim edirik:
Ağalarzadə Şahin Mazan oğlu, 1970-ci il təvəllüdlü
Abbasov Sahib Qarakişi oğlu, 1964-cü il təvəllüdlü
Eynullayev Əliş Ulduz oğlu, 1985-ci il təvəllüdlü
Xəlilov Nəcəf Rafil oğlu, 1966-cı il təvəllüdlü.
T.Əliyevin verdiyi məlumata görə, adıçəkilən şəxslər 6 gün əvvəl qanuni sənədləri olan balıqçı qayığında Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur. Avqustun 13-də Şahinin, avqustun 14-də isə Nəcəfin həyat yoldaşlarının mobil telefonlarına gizli nömrələrdən zənglər gəlsə də, xətdəki xışıltıdan danışmaq mümkün olmayıb, əlaqə kəsilib.
İtkin düşmüş balıqçıların yaxınları avqustun 12-də FHN-ə müraciət ediblər. Nazirlikdən isə onlara bildirilmişdi ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb.