Azərbaycanda ayağından güllələnən şəxslə bağlı YENİ MƏLUMAT - FOTO
25-02-2018, 13:49
Dünən axşam saatlarında Şirvan şəhərində baş vermiş silahlı insidentlə bağlı bəzi məqamlar üzə çıxıb.
teref.az virtualaz.org-a istinadən xəbər verir ki, ayağından tapança yarası alan Şirvan şəhər sakini 52 yaşlı Teyyub Eyyub oğlu Tağıyev yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Məlumata görə, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa” Teyyub kimi tanınıb.
2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb.
Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq hadisəni törədən şəxsin kimliyi də müəyyən olunub.
Vetenperverler.az saytının yazdığına görə, killerin kimliyi məlum olub. Bu keçmiş polis zabiti, Şirvanın icra başçısı Mərdan Camalovun dayısı oğlu Məmmədov Azər Priverdi oğludur. O, Şirvanda “Hacı Azər” kimi tanınırmış.
Ehtimal olunur ki, bu hadisənin hansısa kriminal hesablaşma ilə əlaqəsi var.
Faktla bağlı araşdırmalar davam edir.