Azərbaycanda yenidən zəlzələ gözlənilir
4-09-2015, 12:25
Şəkidə baş verən zəlzələ zonasında bir neçə gün avtoşokların olacağı gözlənilir.
teref.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, ümumilikdə şimal-qərb zonası sesymoloji cəhətdən aktiv zona olduğu üçün Zaqatala, Şəki və Qəbələyə yaxın ərazilərdə zəif hiss olunmayan təkanlar çox gedir. O, baş verən zəlzələni əvvəlcədən bilməyin mümkün olmadığını qeyd etsə də, sesymik zonalardakı proseslərə görə bunun gözlənilən olduğunu vurğulayıb: “5.9 rixter cədvəli ilə 7 bala yaxın zəlzələ oldu. Episentr cənub-qərb, Oğuz istiqamətində Şəkinin Qozlu bulaq adlı kəndinə yaxın ərazidir. Güclü zəlzələ olduğundan divarlarda çatların əmələ gəlməsi qaçılmaz idi. Belə güclü zəlzələlərdə evlərin divarları ilə yanaşı köhnə tikililər, hətta tövlələrin dağılması da ola bilər. Hazırda FHN-nin Şəkidəki komissiyası hadisə yerindədir və araşdırmalar aparılır”.
Qurum rəhbərinin sözlərinə görə, zəlzələdən dərhal sonra Respublika Seysmoloji Mərkəzinin əməkdaşları hadisə yerlərinə ezam olunublar. Onlar bölgələrdə sesymoloji antenalar və avadanlıqlar quraşdıracaq: “Avadanlıqların sayəsində biz dağıntıların miqyası və baş verən zəlzələni öyrənə biləcəyik. Yeni avadanlıqlar bizim işimizi asanladıracaq”.