"Real Madrid" son 3 mövsümdə qazandığı futbol üzrə Çempionlar Liqası ilə vidalaşıb

6-03-2019, 07:21           
"Real Madrid" son 3 mövsümdə qazandığı futbol üzrə Çempionlar Liqası ilə vidalaşıb
İspaniyanın "Real Madrid" klubu ardıcıl 3 mövsüm qazandığı Çempionlar Liqasının baş mükafatı ilə vidalaşıb.

"Report"un məlumatına görə, "kral klubu"nu 1/8 final mərhələsində mübarizədən Hollandiya "Ayaks"ı kənarlaşdırıb. Amsterdam komandası ilk görüşdə öz meydanında 1:2 hesabı ilə uduzsa da, cavab qarşılaşmasında səfərdə böyük hesabla qalib gəlib - 4:1.

"Ayaks" artıq 7-ci dəqiqədə Hakim Ziyeşin qolu ilə hesabı açıb. Bundan 11 dəqiqə sonra David Neres fərqi artırıb. 62-ci dəqiqədə Duşan Tadiçin vurduğu 3-cü qol mübahisələrə səbəb olub. Bu, ötürmənin verildiyi vaxt topun yan xətti keçib-keçməməsi ilə bağlı olub. Nəticədə VAR sisteminə müraciət olunub. Epizoda müxtəlif rakurslardan 4 dəqiqəyədək baxıldıqdan sonra almaniyalı baş hakim Feliks Brıx mərkəzi göstərib.

70-ci dəqiqədə "Real Madrid"in futbolçusu Marko Asensio fərqi azaltsa da, "Ayaks" cəmi 2 dəqiqə sonra Lasse Şönenin qolu ilə yekun nəticəni müəyyənləşdirib. 90+3-cü dəqiqədə "kral klubu" daha bir zərbə alıb. Naço qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Beləliklə, "Real Madrid" Çempionlar Liqası ilə ağır formada vidalaşıb.

1/4 finala daha bir vəsiqəyə isə İngiltərə "Tottenhem"i sahib çıxıb. Londonlular Almaniyanın "Borussiya" komandasını Dortmundda da yenməyi bacarıblar - 1:0. Yeganə qolu 49-cu dəqiqədə Harri Keyn vurub. İlk görüşdə "Tottenhem" 3:0 hesabı ilə qalib gəldiyi üçün adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər iki cavab oyunu bu gün keçiriləcək. PSJ Fransada İngiltərə “Mançester Yunayted”ini, “Portu” isə Portuqaliyada İtaliya “Roma”sını qəbul edəcək. 1/8 finala 12-13 martda keçiriləcək son 4 oyunla yekun vurulacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

5 mart

24:00. "Real Madrid" (İspaniya) – "Ayaks" (Hollandiya) - 1:4

Qollar: Marko Asensio, 70 - Hakim Ziyeş, 7. David Neres, 18. Duşan Tadiç, 62. Lasse Şöne, 72

Qırmızı vərəqə: Naço, 90+3 ("Real Madrid")

Baş hakim: Feliks Brix (Almaniya)

Madrid. “Santyaqo Bernabeu” stadionu

İlk oyun – 2:1

24:00. “Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) - 0:1

Qol: Harri Keyn, 49

Baş hakim: Danni Makkeli (Hollandiya)

Dortmund. “Siqnal İduna Park” stadionu

İlk oyun – 0:3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru