ÇL: "Barselona" "Lion"u, "Bavariya" isə "Liverpul"u qəbul edəcək

13-03-2019, 07:22           
ÇL: "Barselona" "Lion"u, "Bavariya" isə "Liverpul"u qəbul edəcək
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanacaq son iki komanda müəyyənləşəcək.

"Report" xəbər verir ki, bu, İspaniya və Almaniyada baş tutacaq 1/8 final mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.

"Barselona" Fransa "Lion"unu, "Bavariya" isə İngiltərə "Liverpul"unu qəbul edəcək. Hər iki cütün ilk görüşündə heç-heçə qeydə alındığından növbəti qarşılaşmalar gərgin mübarizə vəd edir. Hərçənd, “Barselona”nı “Lion”la ev oyununda aşkar favorit saymaq olar.

Kataloniya təmsilçisi La Liqada 63 xalla lider olduğu halda, "şirlər" Liqa 1-də 50 xalla 3-cü yerdədir və 1-ci pillədəki PSJ-dən 21 xal geri qalır.

“Barselona”da Usman Dembele və Tomas Vermaleninin oynayıb-oynamayacağı dəqiq bilinmir. “Lion”da Amin Quiri zədəli, Marselo Filyonun durumu sual altındadır.

Digər cütlüyə gəldikdə, “Bavariya” Bundesliqada 57 xalla Dortmund “Borussiya”sı ilə zirvəni bölüşür. “Liverpul” isə Premyer Liqada 73 xalla 2-ci yerdədir və lider “Mançester Siti”dən 1 xal geri qalır.

Münhen komandasının heyətində Tomas Müller ilə Yozua Kimmix cəzalı, Korenten Tolisso və Aryen Robben zədəlidir. Kinqsli Komanın vəziyyətinə isə oyun saatında aydınlıq gələcək. “Liverpul”da 2 itki var. Aleks Oksleyd-Çemberlen və Co Qomes zədə üzündən meydana çıxa bilməyəcəklər.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

13 mart

24:00. “Barselona” (İspaniya) – “Lion” (Fransa)

Baş hakim: Şimon Martsinyak (Polşa)

“Kamp Nou” stadionu

İlk oyun – 0:0

24:00. “Bavariya” (Almaniya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Lorentso Manqanelli (İtaliya)

“Münhen Arena”

İlk oyun – 0:0.

Qeyd edək ki, daha öncə İngiltərənin "Tottenhem","Mançester Yunayted" və "Mançester Siti", İtaliyanın "Yuventus", Portuqaliyanın "Portu", Hollandiyanın "Ayaks" komandaları 1/4 finala vəsiqə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru