Şahmat Olimpiadası: Azərbaycan komandası birbaşa ¼ finala vəsiqə qazandı
23-08-2020, 20:01

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq birbaşa dörddəbir finala vəsiqə qazanıb.
Virtualaz.org bildirir ki, heyətində Rauf Məmmədov, Qədir Hüseynov, Günay Məmmədzadə, Türkan Məmmədyarova, Aydın Süleymanlı və Gövhər Beydullayevanın mübarizə apardığı komandamız son turda Fransa yığması üzərində 3,5:2,5 hesablı qələbə qazanıb. Aktivində 14 xal olan yığmamız qrup oyunlarını birinci yerdə başa vurub. Macarıstan komandası ikinci (14 xal), Ukrayna yığması isə üçüncü yeri (13 xal) tutub.
İkinci və üçüncü yerləri tutan komandalar isə pley-off mərhələsinə vəsiqə qazanıblar. Qeyd edək ki, A qrupunda da dörddəbir finala və pley-offa vəsiqə qazanan komandalar müəyyənləşib. Belə ki, Hindistan 17 xalla birbaşa dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Çin (16 xal) və Almaniya (11 xal) komandaları isə növbəti mərhələdə mübarizə aparacaqlar. Digər iki qrupda — C və D qruplarında oyunlar davam edir. Rusiya C, ABŞ isə D qrupunda liderlik edir.
**17:55
Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası səkkizinci tur çərçivəsində Norveç yığması ilə qarşılaşıb.
Virtualaz.org bildirir ki, heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Vüqar Əsədli və Gövhər Beydullayevanın mübarizə apardığı komandamız Norveç yığmasının üzərində böyük hesablı qələbə qazanıb -5,5:0,5.
Bu nəticə ilə Azərbaycan yığması Ukraynadan sonra ikinci yerdə qərarlaşıb. Komandamız sonuncu görüşünü Fransa şahmatçılarına qarşı keçirəcək.
Qeyd edək ki, ilk üçlükdə yer alacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
**16:46
Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası yeddinci tur çərçivəsində İspaniya yığması ilə üz-üzə gəlib.
Virtualaz.org bildirir ki, heyətində Teymur Rəcəbov, Rauf Məmmədov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevanın mübarizə apardığı komandamız İspaniya yığmasını 4:2 hesabla məğlubiyyətə uğradıb. Bu qələbə sayəsində Azərbaycan 5-ci yerdən 3-cü yerə yüksəlib.
Yığmamız digər görüşlərini Norveç və Fransa komandalarına qarşı keçirəcək.