“Azərbaycanlı qatillər” – Macarıstan mətbuatından “Qarabağ” şərhi

11-08-2022, 18:31           
 “Azərbaycanlı qatillər” –
Öz meydanında "Qarabağ"a 1:3 (ümumi 2:4) hesabıyla uduzan “Ferençvaroş”un uğursuzluğuna Macarsıtanın mediası və azarkeşlərinin reaksiyası ağrılı olub.
Macarıstanda bu nəticədən çox məyus olublar. Son mövsümlərdə “Ferencvaroş” avrokuboklarda daimi iştirakçıya çevrilib və indi azarkeşlər ən azı əsas Avropa turnirinin qrup mərhələsinə yüksəlməyi gözləyirdi. Amma olmadı.

Üstəlik Bakıda “Qarabağ”ın vacib oyunçuları meydamna çıxmadığına görə Macarıstan klubu 1:1 hesablı bərabərliyə nail olmuşdu ki, bu da onları ümidləndirmişdi. Düşünürdülər ki, öz meydanlarında qələbə asan olacaq. Amma “Qarabağ”ın Bakıdakı oyundan fərqli olaraq daha güclü heyətlə oyuna çıxacağını unutmuşdular.

“Qonaqlar matça daha cəsarətli başladılar, “Ferençvaroş” mərkəz xəttini keçə bilmədi. Yüksək təzyiq 7-ci dəqiqədə qola səbəb oldu",- deyə “M4 sport” yazır.

“Müdafiədə kobud səhvlər “Fradi”nin yıxılmasına səbəb oldu. “Qarabağ” “Ferençvaroş”un müdafiəsini hissələrə ayırıb parça-parça etdi. Müdafiəçilər əsəbi, hücumçular qərarsız idi”,- deyə “Magyar Nemzet” nəşri yazır.

Macarıstanın əsas idman saytı olan “Nemzety Sport” “Çempionlar Liqası xəyallarının sonu: “Ferençvaroş” öz meydanında “Qarabağ”a uduzdu” başlıqlı yazı ilə çıxış edib. Materialda görüşlə bağlı ətraflı yazılıb: “Qonaq komanda bütün oyun aspektlərində “Ferençvaroş”u üstələdi. “Viktoriya” ilə oynamaq üçün növbəti mərhələyə bu qarşılaşmanın ən yaxşı və güclü komandasının yüksəldiyinə şübhə yoxdur. “Ağ-yaşıllar” Avropa Liqasında oynamaq hüququ uğrunda daha iki oyun oynayacaq. Deyəsən, onlar hələ Avropanın ən nüfuzlu turniri səviyyəsində deyillər”.

“Buna görə Macarıstan çempionatının oyununu təxirə salmaq lazım idimi?”,- deyə “Nevzava” portalında təəccübləniblər . Qonaqların oyunu macar jurnalistləri o dərəcədə heyran edib ki, “Qarabağ” klubunu “Azərbaycanlı qatillər” adlandırıblar.

Yerli mediada məşqçi Çerçesovdan da sitat var: “Bu gün meydanda görünmədik. Start fitindən matça lazım olan kimi daxil olmadıq, hər şey planımızdakı kimi getmədi. Biz daha üstün rəqibə uduzduq, bu məğlubiyyətə layiq idik”,- deyə rusiyalı mütəxəssis bildirib.

Komandanın kapitanı və qapıçısı Deneş Dibus da fikrini bildirib: “Sürətli qol oyun planımızı alt-üst etdi, amma bu qədər olmamalıydı. Bilirdik ki, onların ən kiçik səhvləri belə cəzalandıra bilən futbolçuları var, amma eyni zamanda çox ciddi səhvlərə yol verdik, “Qarabağ” da yararlandı. İki oyunun nəticəsinə əsasən, daha yaxşı komanda mərhələni keçdi. Bugünkü oyun göstərdi ki, biz Çempionlar Liqasının qrupunda oynamağa hazır deyilik”,- deyə Dibus bildirib.

Bu arada bu qarşılaşmanı Rusiyada daha böyük maraqla gözləyirdilər. Bəzi sosial şəbəkə kanallarında hətta azərbaycanlıları təhqir edərək Rusiyadan olan məşqçi Çerçesova uduzacağımızı deyirdilər. Rusiya mətbuatı çoxlu sayda yazılar hazırlayaraq Macarıstan klubunun mərhələni “şübhəsiz” adlayacağını yazırdı.

İndi isə Rusiyanın “Sport-Express” portalı yazıb ki, “əgər şəxsən Çerçesova rəğbətiniz varsa, bu oyundan sonra “Ferencvaroş”un sosial şəbəkə hesablarını izləməyin. Hər yeni paylaşımın altında Qarabağ azarkeşlərini görəcəksiniz. Şərh bölümləri "İrəli, Qarabağ!" və ya “Qurban Qurbanov Qafqazın ən yaxşı məşqçisidir!” kimi şüarlarla doludur”.

Qeyd edək ki, “Ferençvaroş”un öz azakeşləri də boş dayanmır – Çerçesovu aşağılayan şərhləri əsirgəmirlər.

Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.