Adrian Mutu: “Növbəti mərhələyə adlamağa layiq idik”

4-08-2023, 08:17           
Adrian Mutu: “Növbəti mərhələyə adlamağa layiq idik”
“Növbəti mərhələyə adlamağa layiq idik”.

Bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu 8-ci km stadionunda Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu 2:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis ilk görüşdəki 2:2 hesablı bərabərliyin revanşında rəqibi üstələdikləri üçün sevincli olduğunu bildirib: “Ağır oyun oldu. Hər iki matçı yaxşı keçirdik. Növbəti mərhələyə adlamağa layiq idik. Hər şeyə əvvəldən başlamışıq. Hara kimi irəliləyəcəyimizi bilmirəm”.

O, növbəti mərhələdə Türkiyə klubu “Beşiktaş”la qarşılaşmağın daha maraqlı olacağını düşünür: “Beşiktaş” çox güclü rəqibdir. Onlarla üz-üzə gəlsək, çox maraqlı iki görüş olacaq. Amma əvvəlcə çempionatın ilk turunun görüşünü düşünürük”.

Baş məşqçi yeni hücumçu transferi üzərində çalışdıqlarını söyləyib: “Hazırda iki gənc hücumçumuz var. Amma rəqabətin artması üçün yeni hücumçu transfer etmək istəyirik. Bu, bir az zaman alan prosesdir”.

Mutu matçın gedişində zədələnən Azər Əliyev, həmçinin, yeni transfer Ervin Koffinin durumu barədə də məlumat verib: “Azər Əliyev hələ də xəstəxanadadır. Dirsəyindən zədə alıb. Ümid edirəm ki, tezliklə sağalacaq. Yeni transferimiz Koffi də zədəlidir. Buna baxmayaraq, bu gün komandamızla bir yerdə olmasını istədim. Həmçinin Qara Qarayev də bizimlə bir yerdə idi. Biz bir ailəyik”.

44 yaşlı mütəxəssis “Neftçi”nin yerli oyunçularından razılıqla danışıb: “Yerli oyunçulardan şikayət eləmək istəmirəm. Komandamızda çox güclü yerli futbolçular var. Verdiyim tapşırıqları yaxşı qavrayırlar, yerinə yetirməyə çalışırlar. Məqsədimiz titul qazanmaqdır. Amma bu, heç də asan deyil. Söz verə bilərəm ki, hər oyunda yüz faiz gücümüzü ortaya qoyacağıq”.

O, “Qarabağ”dan transfer edilən Qara Qarayevin vitse-kapitan olub-olmayacağı ilə bağlı sualı bu cür cavablandırıb: “Qara Qarayev çox yaxşı futbolçudur, Azərbaycan futbolu üçün önəmlidir. Hazırda kapitanımız var. Emin Mahmudovla Qara qardaş kimidirlər. Kapitanlıq sarğısını kimin daşımasının fərqi yoxdur. Əsas odur ki, meydanda olduğu zaman lider kimi davransın. Eddi İsrafilov da bizim kapitanlarımızdan biridir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.