Lionel Messi ABŞ-da xoşbəxtdir. O, "İnter Mayami" formasıyla meydana çıxdığı 5 oyunda 8 qol vurub.
"Şarlot"la son oyunda isə daha bir qol vurdu və komandasının qələbəsinə tövhə verdi. Mayami təmsilçisi ABŞ, Kanada və Meksika klubları arasında keçirilən Liqa kubokunun yarımfinalına yüksəlib. Komanda daxilində əhval-ruhiyyə olduqca yüksəkdir.
Bunun nəticəsidir ki, Messi artıq qələbələri qeyd etməyi başlayıb. Antonella Rokutso, Serxio Buskets, Xordi Alba və Devid Beckham ilə birlikdə əyləncə məkanına üz tutub. Onun səs-küylü yerlərdə əylənməkdən xoşlanmadığı bildirilsə də, bu dəfə əksi yaşanıb. Leo xanımı və əfsanəyə çevrilən dostları ilə birlikdə gülümsəyib, olduqca xoşbəxt görünüb.
Messi daha yaxşı əhval-ruhiyyədə ola bilər. Bunun üçün komanda "Filadelfiya Yunion"a qalib gəlib Liqa kubokun finalına vəsiqə qazanmalıdır. Həmin görüş avqutstun 16-ı saat 03:00-da keçiriləcək.