54 illik marafon

12-01-2024, 17:44           
54 illik marafon
1911-ci ildə Yaponiyada 1 il sonra Stokholmda baş tutacaq Olimpiya oyunlarının marafon yarışlarının seçmə mərhələsi keçirilirdi. Sidzo Kanakuri 2 saat, 30 dəqiqə və 33 saniyəlik göstərici ilə o dövrdəki dünya rekordunu qabaqlayaraq, seçimləri birinci pillədə tamamladı. Sidzonun nəticəsindən təsirlənən yapon höküməti onun Stokholma yollanacaq iki atletdən biri olmasına icazə verdilər. Amma səyahət xərclərini Sidzo özü qarşılamalı idi. 1,500 yen (Yaponiyanın pul vahidi) tələbə yoldaşları tərəfindən, 300 yen isə qardaşının dostları tərəfindən toplanıldı. Sidzo yola çıxmağa hazır idi.
Yapon atletin İsveç səyahəti gəmi və qatar vasitəsilə düz 18 gün davam etdi. Uzun yorucu yol, ilk dəfə qarşılaşdığı bəyaz gecələr və öyrəşmədiyi qidalar səbəbindən Sidzo oyun öncəsi son günlərdə fiziki cəhətdən çox zəif vəziyyətə düşmüşdü.
42 km-dən artıq məsafəni əhatə edən marafon yarışına Sidzonun bədəni tab gətirmədi. Yarışın yarısında halı pisləşən idmançıya yerli ailə ilkin tibbi müdaxiləni göstərdi. Öz uğursuzluğundan utanc hissi yaşayan Sidzo təşkilati komitəyə heç bir məlumat vermədi və tezliklə İsveçi tərk etdi. Yarışı bitirməsi və ümumiyyətlə aqibəti ilə bağlı hər hansı rəsmi məlumat olmadığından İsveç qəzetlərində Sidzonun itkin düşməsi ilə bağlı məlumatlar yayıldı.
Hadisədən uzun müddət sonra, 1967-ci ildə İsveç Televiziyası Sidzo ilə əlaqə saxladı və marafon qaçışını başa çatdırmağı təklifi etdi. Qoca Sidzo təklifi qəbul edərək marafonu tamamladı. Stadionda "Yaponiyalı Kanakuri finişə çatdı. Yarış vaxtı: 54 il 8 ay 6 gün 5 saat 32 dəqiqə 20 saniyə. Stokholmda keçirilən 5-ci Olimpiya Oyunları rəsmən bitdi" elanı verildi. Sidzonun cavabı isə belə oldu: "Çox uzun məsafə idi. Yol boyu ailə qurdum, 6 övladım, 10 nəvəm oldu"
Anar Soltanoğlu
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru