Bu qərar Premyer Liqa klublarını çətin duruma salıb
27-01-2024, 12:03

2024-cü ilin ilk ayından etibarən xidməti müqavilə ilə çalışanlar 5 yox, 20 faiz vergi ödəyəcək.
Vergi qanunvericiliyində edilmiş dəyişiklik Premyer Liqa klublarını çətin duruma salıb. Klubda çalışanlar büdcəni qorumaq, planlaşdırılmamış xərci səhmana salmaq üçün baş sındırır.
Deməli, vəziyyət necədir?
Məsələn, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə”, “Səbail”dən geri qalan klublardan biri, başqa cür desək, ikinci “5-lik”də qərarlaşan klub bu ilə qədər xidməti müqavilə ilə çalışan işçi, məşqçi və futbolçu heyəti üçün hər ay ortalama 12-15min manat arası vergi ödəyirdi.
Vergi xərcinin 20 faizə qədər artırılmasından sonra isə bu xərc qalxıb olub 48-60min manat. Yəni, hər ay minimum 36 min manatlıq sürpriz xərc əmələ gəlib. 36 min manatı 10 ay üzrə hesablayanda, ümumi xərc 360 min manat təşkil edir.
Bu məbləğ büdcəsinə görə son “5-lik”də yer alan kluba aiddir. Belə deyək, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Turan Tovuz”, “Araz-Naxçıvan” kimi klublar bundan sonra aşağı-yuxarı illik 300-400 min manatı gözdən çıxarmalıdır.
Büdcəsi yüksək olanlar üçünsə bu xərc 500-600j min, bəlkə də bir qədər də çox təşkil edəcək.
“20 faiz” qərarı qüvvəyə minənə qədər onsuz da pul sarıdan əziyyət çəkənlərin bundan sonra hansı vəziyyətlə üzləşəcəyini təxmin etmək çətin deyil. İndi komandanın nəticələri, gələcəklə bağlı planlar qalıb bir tərəfdə, büdcəsi məhdud olan klubların rəhbərləri mövcud durumdan çıxmaq üçün yollar axtarırlar.
Maaşları azaltmaq, kadr ixtisarları etmək, aidiyyəti qurumlara müraciət etmək, sponsor şirkətlərlə bu barədə danışmaq – bu və digər variantlar çıxış yolu hesab olunur.
sportinfo.az