UEFA Millətlər Liqasında fantastik final: Kubokun sahibi məlum oldu VİDEO
9-06-2025, 11:18
UEFA Millətlər Liqasının final matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, həlledici görüşdə Portuqaliya millisi ilə İspaniya seçməsi üz-üzə gəliblər.
Matç qarşılıqlı qollarla keçib. 21-ci dəqiqədə hesabı ispanlar açıblar. Zubimendi fərqlənib. 5 dəqiqə sonra Mendes hesabı bərabərləşdirib.
45-ci dəqiqədə Oyarzabal ispanları yenidən hesabda önə çıxarsa da, ikinci hissədə Ronaldu yenidən oyunda tarazılığı bərpa edib - 2:2. 40 yaşlı oyunçu həm də turnirdə qol vuran ən yaşlı futbolçu olub.
Matçın əsas vaxtında qalibi müəyyən etmək mümkün olmayıb. Əlavə vaxtda da qapılara qol vurulmadığından qalibin adına penaltilər seriyası aydınlıq gətirib. Burada isə daha dəqiq olan portuqallar (5:3) Millətlər Liqası kubokuna yiyələniblər.
Qeyd edək ki, Portuqaliya millisi ikinci dəfə Millətlər Liqasının qalibi olub. Bundan əvvəl komanda 2019-cu ildə turnir ilk dəfə keçirilərkən bütün rəqiblərini üstələyib. Beləliklə də, Portuqaliya millisi Millətlər Liqası tarixində çempionluq titulunu iki dəfə qazanan ilk və yeganə seçmədir.