Yeddi bank ləğvetmə prosesindədir - RƏSMİ
3-11-2015, 13:29
Azərbaycanda ləğvetmə prosesində olan bankların sayı artıb.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) III rübün nəticələrinə həsr olunan statistik göstəricilər bülleteninə istinadən xəbər verir ki, hesabat dövründə ləğvetmə prosesində olan bankların sayı 7-yə çatıb. Halbuki, II rübün yekununa əsasən, bu cür bankların sayı 5 idi.
Qeyd edək ki, III rübdə bank sektoru iki oyunçusunu, yəni "Evrobank" və "Azərbaycan Kredit Bankı"nı itirdi. AMB-nin İdarə Heyətinin müvafiq qərarı ilə adıçəkilən bankların lisenziyaları ləğv olunub.
Hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir. Onlardan 2-si dövlət bankı, 41-i isə özəl banklardır.
Xarici kapitallı bankların sayında da azalma baş verib. Belə ki, II rübün yekunlarına görə, xarici kapitallı bankların sayı 23 idisə, hazırda bu cür bankların sayı 22-yə enib. Buna səbəb, "Evrobank"ın sektoru tərk etməsidir.
III rübün yekunlarına görə, Azərbaycandakı banklar müştərilərinə 758 filialla xidmət göstərir. Halbuki, II rübün yekunlarına görə, bu göstərici 763 idi. Göründüyü kimi, 5 filial bağlanıb. Banklar bunu optimallaşdırma siyasətinin həyata keçirilməsi ilə izah edir.
Maraqlıdır ki, yerli bankların şöbələrinin sayında artım müşahidə olunur. II rübdə ölkə ərazisində 163 bank şöbəsi fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 165-ə qalxıb.