Cahangir Hacıyev prezident postundan istefa vermir
4-11-2015, 12:10
Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev vəzifəsindən istefa versə də, onun bir çox səlahiyyətləri hələ də qalmaqdadır.
O, Bakı Futbol Federasiyasının prezidentidir, eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin də üzvidir. Lakin Cahgangir Hacıyevin başı özünə qarışdığı müddətdə Federasiyanın işinə onun necə müsbət təsiri ola bilər? Bu onların fəaliyyətində mənfi imic formalaşdırmırmı?
Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanov Modern.az-a açıqlamasında bildirib ki, Cahangir Hacıyevin onlarla intensiv əlaqə saxlamaması onların işinə ciddi təsir etmir.
“Federasiya uzun illərdir fəaliyyət göstərir. Burada öz işini bilən, təcrübəli işçilər çoxdur. Biz əsasən uşaq futbolunun inkişafına dəstək veririk. Cahangir Hacıyev bizimlə intensiv əlaqə saxlamasa belə bunun bizim fəaliyyətimizə ciddi bir təsiri olmur”.
O qeyd edib ki, Cahangir Hacıyev yalnız özü rəsmi ərizə ilə müraciət edərsə, yeni prezident seçkiləri keçirilə bilər.
“Cahangir Hacıyev harada olmasından asılı olmayaraq ona fəaliyyətində uğurlar arzulayırıq. Federasiya ilə onun xoş münasibətləri var. İl yarım səlahiyyət müddəti qalıb. Öz vəzifəsinin icrasına davam edir, futbolla bağlı problemlərin həllində, gənc futbolçuların yetişdirilməsində öz töhfəsini verib və davam edir.
4 ildən bir Federasiya konfransı çağrılır. Konfrans zamanı gündəliyə prezident seçkiləri salınır və üzvlər bunu müzakirə edib, qərar qəbul edirlər. Əgər Cahangir Hacıyev rəsmi formada öz ərizəsini verməsə, o vəzifəsində qalacaq. Rəsmi ərizə ilə müraciət etdikdən sonar yeni seçkilər keçirilə bilər”.