Tərtərdə ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib
27-11-2015, 16:42
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının hazırlıq planına müvafiq olaraq Tərtər rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqi keçirilmişdir.
Məşqə Tərtər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, qaz-qəza texniki qrupu, Enerji-qəza texniki qrupu, Su-qəza texniki qrupu, Rabitə qəza-bərpa dəstəsi, rayon səhiyyə şöbəsinin həkim və təcili yardım maşınları, GEM və Baytarlıq idarəsinin epidomoloji kəşfiyyat qrupu, ərazi xilasetmə dəstəsi və ərazi kəşfiyyat dəstələrinin şəxsi heyəti və texnikalar cəlb olunmuşdur.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd etmişdir ki, Tərtər rayonunun düşmənlə 48 km təmas xətti var. Düşmənin bir addımlığında ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir. Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələr təhlükəsi yaranan və ya baş verən zaman mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının yoxlanılmasıdır.
Məşqin gedişinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi tərəfindən baxış keçirilib.
Məşq zamanı rayon ərazi qüvvələrinin qarşılıqlı fəaliyyəti təşkil edilib, qoyulmuş məqsədlərə nail olunub.