Heydər Əliyevi məhz Elçibəy müdafiə edə bilərdi- Aqil Səmədbəyli
14-06-2017, 07:16

Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun müsahibəsində Elçibəy haqda dediklərinə mərhum prezidentin kürəkəni Aqil Səmədbəyli cavab verib.
AFN xəbər verir ki, N.Cəfəroğlunun Heydər Əliyev ev dustağı olan zaman Elçibəyin onu müdafiə etməyi tapşırması ilə bağlı açıqlamasından danışan A.Səmədbəyli bildirib: "Novella xanım, hətta Bəyin bu mövzuda yazdığı yazının Moskvada dərc olunmasını həyat yoldaşı ilə birlikdə təşkil etdiyini bildirib. Bəzi "dost"larımızın bu müsahibədən sonra "gördünüzmü, bunlar elə əvvəldən bir adam olublar" deyəcəklərini nəzərə alaraq bu yazını yazıram. O dönəm üçün bu addım tamamilə təbiidir. Bu, Elçibəy böyüklüyünün göstəricisidir. Elçibəyi Böyük yapan da elə bu xüsusiyyətidir. Haqlının və əzilənin yanında olmaq - bədəli nə olursa-olsun!
Darda qalan, vəzifədən qovulduqdan sonra bütün çaqqalların üstünə hücum çəkdiyi, bir zamanların əjdəhası və yaltaqların əl-ətəyini öpmək üçün sıraya girdiyi Heydər Əliyevi məhz Əbülfəz Elçibəy müdafiə edə bilərdi. O görə yox ki, yerlisi idi. Ona görə ki, Heydər Əliyev yalnız və çarəsizdi! Ona görə ki, Heydər Əliyev müdafiəsiz idi! Ona görə ki, Heydər Əliyev bir zamanlar ayaqqabısını təmizləmək üçün növbə gözləyənlərin hücumuna məruz qalmışdı! Ona görə ki, Heydər Əliyevə bu hücumların arxasında həm də ermənilər vardı!
Göyçədə yaşadığımız zamanlardı. Hamımız Heydər Əliyevi Azərbaycanın Moskvada tək təmsilçisi, fəxrimiz sayırdıq. Atam da məktəb direktoru idi. Bir dəfə rayon partiya komitəsinin binasında SSRİ Siyasi Büro üzvlərinin şəkilləri içində Heydər Əliyevin üzünün palçıqla örtülməsinə görə bütün aləmi bir-birinə qatmışdı. Biz belə bir dönəmdə yaşamışıq!.."