I qrup əlil: “Belə çıxır ki, imzamı müstəntiq özü saxtalaşdırıb...”

29-07-2015, 22:16           
I qrup əlil: “Belə çıxır ki, imzamı müstəntiq özü saxtalaşdırıb...”
Xəzər Rayon Məhkəməsində dələduzluqda ittiham olunan Rauf Sultanovun məhkəmə istintaqı keçirilir.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Tərlan Əkbərov sədrlik edir.

İttihama görə, Rauf Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. Onun şikayəti əsasında R.Sultanova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə R.Sultanov zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib. Anadangəlmə epilepsiya xəstəsi olan, I qrup əlil R.Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib. Hətta pulu alarkən şəxsi avtomobilini girov qoyduğunu müstəntiqə bildirib, zərərçəkmiş N.Manafova isə təqsirləndirilən şəxsin dediklərini təsdiqləyib.

İstintaq zamanı özünü təqsirli bilməyən R.Sultanov ittiham aktına imza atmayıb. Bir müddət sonra iş məhkəməyə göndərilib.

Virtualaz.org saytına açıqlamasında hazırda Müalicə Müəssisəində müalicə olduğunu deyən R.Sultanovun sözlərinə görə, ilkin məhkəmə iclası 11 iyul, 2015-ci ildə baş tutub.

O, məhkəmə prosesi zamanı özünü təqsirli bilməyib, ona elan olunmuş ittihamı qəbul etməyib: “Hakimə dedim ki, ittiham aktındakı imza mənə məxsus deyil. Məhkəmə xəttşünaslıq ekspertizası təyin olundu və imzanın mənə məxsus olmaması barədə rəy verildi. İttiham aktını tərtib edən, onu məhkəməyə göndərən müstəntiqdir. Belə çıxır ki, imzanı saxtalaşdıran da elə onun özüdür. Əgər imza saxtadırsa, hökm oxuna bilməz. Mənə iş verə bilərlər, amma bu günün sabahı da var”.

R.Sultanovun sözlərinə görə, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan N.Manafova məhkəmə prosesində ondan şikayətçi olmadığını, dəymiş ziyanın ödənildiyini deyib.

Onu da qeyd edək ki, R.Sultanov 2012-ci ildə “Hicab aksiyası” zamanı polisə müqavimət göstərdiyinə görə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb. Hal-hazırda cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.