Dünyanın gözlədiyi peyvənd: Onu kimlər niyə oğurlamaq istəyir?

17-07-2020, 17:45           
Dünyanın gözlədiyi peyvənd:
Dünya bir neçə aydır ki, koronavirus pandemiyası ilə mübarizə aparır.

İnsanlar peyvənd intizarındadır. Amma universal və nəticəli peyvəndin nə vaxt hazır olacağı sual altındadır. Bununla bərabər, dünya ölkələri böyük qazanc gətirəcək peyvənd marağındadır. Hətta peyvəndin hazırlıqlarına dair məlumatları oğurlamaq cəhdi ilə bir-birlərini ittiham edirlər. Bu ittihamlarda Rusiyanın adı daha çox çəkilir. Məlumat üçün bildirək ki, COVID-19-a qarşı dünyada ilk peyvəndin sınaqları başa çatıb. Seçenov adına Moskva Dövlət Tibb Universiteti könüllülər üzərində sınaq keçirib.

Tədqiqat zamanı preparatın insanlar üçün təhlükəsizliyini sübut etmək mümkün olub. Peyvənd N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzi tərəfindən hazırlanıb. Qeyd olunur ki, vaksin süni şəkildə yaradılıb və tərkibində koronavirus hissələri yoxdur. Tədqiqatçılar bildirib ki, preparat, əslində, cansız olan və süni şəkildə yaradılan, rekombinant adenoviral peyvənddir. Sınaqlarda 38 könüllü iştirak edib. Onlar iki qrupa ayrılıb. Birincilər peyvəndin bir dozasını, ikincilər isə iki dozasını alıb. Peyvənddən dərhal sonra temperaturun yüksəlməsi də daxil olmaqla, heç bir mənfi reaksiya olmayıb.

Ancaq eyni zamanda dünyada 30-dan artıq peyvənd üzərində iş aparılır. Bəzi məlumatlarda peyvəndin ilin sonuna qədər hazır olacağı bildirilir. Belə bir zamanda Rusiya Britaniya, ABŞ kimi ölkələrdəki peyvənd hazırlığına dair məlumatların oğurlanmasında ittiham olunur. Hətta bunun qarşısını almaq üçün Konqresə qanun layihəsi təqdim ediləcək.

Maraqlıdır, hökumətlərin dəstəklədikləri hakerlərin peyvənd hazırlıqlarına dair məlumatları oğurlamaqda məqsədi nədir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, peyvənd illüziyası ilə yaşamaq olmaz. Çünki universal peyvəndin tapılacağı sual altındadır:



“Hər bir qurumun peyvənddə marağı var. Əczaçılıq şirkətlərinin də marağı peyvəndin icad olunması və satışıdır. Bir şeyi nəzərə almaq lazımdır ki, virus güclü mutasiyaya uğrayır. Bu durumu həll edəcək universal bir peyvəndin tapılması sual altındadır. Peyvənd tapılıb sınaqdan çıxana qədər virusun tamamilə yoxa çıxması da proqnozlaşdırılır. Bundan əlavə RNT tərkibli viruslara peyvənd hazırlanması real görünmür”. Qripin 2000-dən çox ştampının olduğunu deyən həkim indiyə qədər onlara qarşı universal peyvəndin tapılmadığını xatırladıb: “RNT tərkibli Hepatit C-nin peyvəndi var? Yoxdur... Amma Hepatit B-nin peyvəndi var. Çünki o DNT genomludur. 70 milyondan çox insan QİÇS-dən əziyyət çəkib. 30 milyondan çox insan bu xəstəlikdən dünyasını dəyişib. 40 milyondan çox insan xəstədir, amma indiyə qədər vaksini tapılmayıb. Yəni vaksin illuziyasına qapılmaq lazım deyil. Əlbəttə ki, əczaçılıq kampaniyaları peyvəndin istehsal olunmasını və satılmasını istəyir. Onları nəticədən daha çox gəlir maraqlandırır. İnsanlara daha çox karantin davranışlarına riayət etmək, infeksiyanı zamanında lokallaşdırmaq, virusun sona çatması dövrünə qədər qorumaq və maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır. Böyük yeddiliyə daxil olan Yaponiyada yoluxma sayı Azərbaycan kimi kiçik ölkədən azdır. Hər halda, bu cür nümunələri araşdırmaq və Azərbaycanda tətbiq etmək lazımdır. Yaponiyada Operativ Qərargah və sərt karantin rejimi belə yoxdur. Həyat öz axarında davam edir. Hesab edirəm ki, biz yaxşı nümunələri düşünməli və tətbiq etməliyik”.

Alçina Amilqızı
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.