"Yaxşı olardı ki, sərt karantin ləğv olunsun. Rayonlarla Bakı arasındakı yollar açılsın."- Professordan məsləhət
20-07-2020, 17:45

Bir neçə gündür ki, Bakıda və Abşeron yarımadasında isti hava şəraiti müşahidə olunur.
Koronavirus səbəbilə ölkəmizdə karantin rejiminin tətbiqi, insanların evdə qalması məhz bir çox insanda narahatlıq, immunitetin zəifləməs və xəstələnmə halları ilə müşahidə edilir. Həmçinin stress faktorları da ortaya çıxır.
İsti havalarda evdə qaldığımız üçün düzgün şəkildə qidalanmağımız vacib amildir. Bu həm immunitetin yüksəlməsinə, həm də viruslardan qorunmağa xidmət edir.
Maraqlıdır, belə havalarda qidalanmada hansı qaydalar gözlənilməlidir?
Bununla bağlı Cebhe.info-ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, öncə belə bir şəraitdə karantinin ləğv edilməsi daha doğru addım olardı:
"Bildirim ki, belə istidə evdə qalmaq çox çətindir. İnsanların bu istiyə dözməsi, immunitetin zəifləməsi, stress - bütün faktorlar bir-birinə qarışıb. Yaxşı olardı ki, sərt karantin ləğv olunsun. Rayonlarla Bakı arasındakı yollar açılsın. Heç olmasa, vəziyyət bir az da olsa, yumşalsın. Lakin burada xüsusi şərtlər tətbiq edilməlidir. Karantin şərtlərinə əməl olunmalıdır və bunlara nəzarət edilməlidir. İnsanlar çöldə olanda bütün karantin qaydalarını gözləməlidir. Sosial məsafə qaydasına əməl etmək gərəkdir. Həmçinin qapalı məkanlara maskasız girmək olmaz. İctimai nəqliyyatda, mağazalarda da eyni qayda gözlənilməlidir. Girişdə mütləq əllər dezinfeksiya olunmalıdır, eyni qayda çıxışda da tətbiq edilməlidir. Bütün bunlara ciddi nəzarət etməklə düşünürəm ki, daha yaxşı nəticəyə nail olmaq mümkündür. İnsanların rayonlara gedib dincəlməsinə şərait yaratmaq lazımdır. Onsuz ölkəmizdə böyük yoluxma potensialı var. Karantin tətbiq etsək də, etməsək də bu belədir. Qarabağla bağlı təşkil edilən mitinqin özü də yoluxmaya yol açdı. Xeyli insan bayıra çıxdı. Mitinqdə heç bir məsafə, gözlənilmədi, əksinə yaxın təmaslar oldu. Bunun nəticəsini də biz yaxın iki həftə ərzində görəcəyik".
O, insanlara soyuq su və dondurmadan uzaq olmağı, meyvə-tərəvəzi isə qida rasionunda çoxaltmağı məsləhət görüb:
"Belə bir havada qidalanmada daha çox meyvə və tərəvəzə yer vermək lazımdır. Çünki qidalanma immun sisteminin əsasını təşkil edir. Həmçinin düzgün şərtlər altında qidalanmaq gərəkdir. Yay mövsümüdür deyə, dondurmalara da qidalanmada yer verilir. Amma dondurmanın özü qızdırma yarada bilir. Həmçinin o, soyuqdəyməyə də rəvac verir. Bu soyuqdəymələr isə bəzən həkimləri çaşdırır. Xəstədə yuxarı tənəffüs orqanlarında olan başqa infeksiyaların fəallaşması baş verir. Bunlar da bəzən virusla qarışıq salınır. O baxımdan da, insanlar diqqətli olmalıdır. Ümumiyyətlə, pandemiya dövründə dondurma yemək, soyuq su içmək, uzun müddət kondisioner altında oturmaq düzgün deyil. Çalışmaq lazımdır ki, bu qaydalara əməl edilsin. Yay soyuqdəyməsi deyilən bir xəstəlik var, maksimum dərəcədə bundan qorunmalıyıq".