"Təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin" - ekspertdən ÇAĞIRIŞ
4-08-2020, 15:10

Ölkəmizdə koronavirus səbəbilə davam edən karantin rejimi ümumtəhsil müəssisələrində dərs ilinin başlanması məsələsini də sual altına qoymaqda davam edir.
Dərslərin yenidən onlayn şəkildə tədris olunması ideyası ilə çıxış edənlər də az deyil. Lakin bunun təhsil prosesində o qədər də effektiv vasitə olmadığından dəfələrlə söz açılıb.
Maraqlıdır, əgər dərslər müəyyən müddət onlayn olarsa, dərs yükü məsələsi necə çözüləcək? Bu gün üçün təhsilimizdə hansı problemlər var?
Bu barədə Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, tədris ilinin başlanması üçün müəyyən qaydalar tətbiq olunmalıdır:
"Hazırda təhsilin qarşısında duran ən ciddi problem yeni tədris ilinin başlanması problemidir. Artıq bu məsələ illərdir təhsildə olan dərslik, idarəetmə, kadr çatışmazlığı, əsassız pul yığımları, məktəblərin isinməsi, məktəblərin təmiri, ağır çanta kimi problemləri aradan çıxarıb. Düşünürəm ki, sentyabr ayında ənənəvi formada tədris ili başlayacaq. İlk növbədə, tədris ili başlayanadək hər məktəbdə bir həkim və ya tibb bacısının olması təmin olunmalıdır.
Mart ayından etibarən xəstəliyə yoluxmuş ailələr, onların yaxınları, xroniki, digər yoluxucu və təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin. Onların təhsili mərkəz məktəbləri tərəfindən məsafədən təşkil olunsun. Həmin şagirdlərin müəyyən olunaraq qeydiyyatının aparılması, əyani iştirak edə bilmədiyi dərslərinin cədvəllərinin müəyyən olunması oxuduğu məktəblə mərkəz məktəb arasında əlaqələndirilsin.
I, V, IX siniflər həftədə 3 dəfə, ara siniflər həftədə 2 dəfəlik tədrisi nəzərdə tutan cədvəllər hazırlansın. X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilsin. Onların dərsdən sonra şəhərin müxtəlif ərazilərində repetitorluq fəaliyyəti ilə məşğul olaraq virus daşıyıcısı olma ehtimalları nəzərə alınsın. Təklif edirəm ki, indidən məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilsin. Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin. Həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər.
Qapıda temperatur ölçmə cihazı və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin. Məktəblər açılarsa, vacibdir ki, otaqlarda, dəhlizlərdə müntəzəm dezinfeksiya işləri aparılsın. Tez-tez sinif otaqlarının havasının dəyişməsi təmin olunsun. Düşünürəm ki, şagirdlər dərslərdə şəxsi əşyalarını digər şəxslərlə, sinif yoldaşları ilə paylaşmaqdan çəkinsinlər. Bu və digər qaydalara riayət etməklə tədrisin bərpası mümkündür. Hətta istənilən karantin rejimində mümkündür. Yeni təhsil nazirindən isə gözləntilərim çoxdur. Ən azından, kadr islahatlarının bu dəfə kompetensiyalara uyğun olacağını ümid edirəm".