Qarabağa köçürüləcək Livan ermənilərinin sayı AÇIQLANDI
17-08-2020, 17:09

Beyrut limanındakı partlayışı bəhanə edən Ermənistan rəhbərliyi Livan ermənilərinin Qarabağa köçürülməsi prosesinə başlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal altındakı Azərbaycan torplaqlarında yaradılmış qondarma rejimin rəhbərinin köməkçisi Rudik Usnunts Livandan Qarabağa insanların köçürülməsi barədə danışıb.
“Mənim başçılığım altında işçi qrup yaradılıb. Biz 100-150 ailə qəbul etməyə hazırıq. Amma 1000 ailə gəlsə belə onları da yerləşdirməyə hazırıq. Biz Livan ermənilərinə ev, iş verə, cəmiyyətə inteqrasiya edə bilərik”.
Livandan köçürülən ermənilərin əsasən, bank işçisi, həkim, inşaatçı, zərgər və usta olduğunu deyən Usnunts onların Ermənistandan Qarabağa köçürülməsi işlərinə başlanıldığını əlavə edib.
“Yeni köçənlərə Yerevanda anketlər verilir. Burada onlar öz tərcümeyi-halı və ixtisası barədə geniş məlumat verirlər. Həmin ermənilərin işə düzəldilməsində anketlərdən istifadə olunacaq”.
Separatçıların rəsmisi Qarabağ köçmək istəyən ermənilərin bütün nəqliyyat xərclərini də ödədiklərini qeyd edib.
Xatırladaq ki, iyul-avqust aylarında Livandan Ermənistan 500-dən artıq erməni daimi yaşayış üçün köç edib.