Koronavirus niyə kritik xəstəliklər siyahısından çıxarılır? - Gözlənilməz qərar
2-02-2022, 17:57

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun “Omikron” variantının sürətlə yayılmasından, habelə ölüm sayının artmasından narahatlığını ifadə edib.
Həftəlik brifinqdə çıxış edən təşkilat rəhbəri dünyanın əksər bölgələrində koronavirusdan ölənlərin çoxaldığını diqqətə çatdırıb.
“Bundan 10 həftə əvvəl “Omikron” ilk dəfə aşkarlanandan sonra ÜST-ə 90 milyona yaxın yoluxan haqqında məlumat gəlib. Bu da bütövlükdə 2020-ci ildəkindən daha çoxdur”, - Qebreyesus qeyd edib.
Qeyd edək ki, hazırda Danimarka, İsveç və Finlandiya kimi ölkələrdə isə koronavirus kritik xəstəliklər siyhısından çıxarılıb.
Maraqlıdır, əgər ölüm halları artırsa, o zaman koronavirus niyə artıq kritik xəstəliklər siyahısından çıxarılır? DİA.AZ-ın məlumatına görə, farmakoloq Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, burada qeyri-mütənasiblik olsa da, xüsusi səbəblər var:
"Verilən bu iki açıqlama arasında bəli, qeyri-mütənasiblik var. Amma bunun da öz səbəbləri var. Son günlərdə koronavirusun "Omikron" ştammı dah çox yayılıb.
Bu ştammın yayılma sürəti də həddən artıq çoxdur. Bu iki ildə insanların immun sistemi də zəifləyib. Ölüm sayının artmağı ümumi şəkildə sırf bununla əlaqədardır. Bəzi ölkələrdə kritik xəstəliklər siyahısından çıxarılmasının səbəbi isə budur ki, sözügedən ştamm digər ştammlar kimi öldürücülüyə malik deyil, digər mutasiyalarla müqayisədə zəifdir. Buna görə də həmin ölkələrdə koronavirus kritik xəstəliklərdən çıxarılır.
Çünki hamı bilir ki, "Omikron" insanı kritik vəziyyətə salmır. ÜST-ün açıqlaması isə bundan ibarətdir ki, immun sistemi zəiflədikcə ölüm halları da artır. Yəni qeyri-mütənasiblik kimi görünsə də, əslində ÜST-ün açıqlamasının da, ölkələrin addımının da öz xüsusi səbəbləri var".