Azyaşlı qızların belə rəqsi… – Komitədən xəbərdarlıq

Bu gün, 16:08           
Azyaşlı qızların belə rəqsi… – Komitədən xəbərdarlıq
Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzi videoların paylaşılması ciddi ictimai rezonans doğurub.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, xüsusilə, azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirməsi, həm etik və mənəvi dəyərlər baxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir:

“Bu kimi halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır. Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsas vəzifələrindən biri uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir. Uşaqların davranışları, maraqları və sosial bacarıqları formalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişaf edir. Bu səbəbdən, sosial media platformalarında yayılan qeyri-etik məzmunlar, “Тrendlər” və vizual təsirlər uşaqlar üçün ciddi risk faktoru yaradır”.

Vurğulanıb ki, Azərbaycan qanunvericiliyinə əsasən, uşaqların hüquqlarının pozulması, onların mənəvi və psixoloji inkişafına zərər vuran istənilən fəaliyyət yolverilməzdir:

“1992-ci ildən Azərbaycanın qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların istismarının və zorakılığın bütün formalarına qarşı beynəlxalq hüquqi baza yaradır. Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarının sosial mediada paylaşılması uşaq hüquqlarının kobud pozuntusu olmaqla yanaşı, həm də pedofiliya və uşaq istismarı hallarının artmasına şərait yaradır”.

Bunu əsas götürərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə, ictimaiyyətə və media nümayəndələrinə aşağıdakı çağırışı edib:

– Uşaqların sosial şəbəkələrdə foto və videolarının paylaşılmasına ciddi yanaşın;

– Uşaqların izlədikləri rəqəmsal məzmunlara daimi nəzarət edin;

– Etik, mənəvi və hüquqi dəyərlərə zidd olan hər hansı hal müşahidə etdikdə müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına məlumat verin;

– Uşaqların iştirakı ilə çəkilən videoları paylaşmazdan əvvəl onların psixoloji, mənəvi və hüquqi təhlükəsizliyini ön planda tutun;

– Uşaqlara erkən yaşlardan etibarən sosial mediadan düzgün istifadə qaydalarını öyrədin və şəxsi sərhədlərə hörmət etməyi aşılayın.

– Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, təhlükəsiz və ləyaqətli bir mühitdə böyüməsi yalnız dövlətin deyil, bütöv cəmiyyətin məsuliyyətidir.

– Gəlin, uşaqların hüquqlarını birlikdə qoruyaq!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru