Bayrağı dəyişən merə qarşı cinayət işi açıldı
11-02-2022, 09:23

Belarus Baş Prokurorluğu Belarusun dövlət bayrağını müxalifətin ağ-qırmızı-ağ bayrağıyla əvəzləməsi hadisəsindən sonra Ukraynanın Dnepr şəhərinin meri Boris Filatova qarşı etnik ədavəti qızışdırması ittihamı ilə cinayət işi açıb.
“Paralel.az ” xəbər verir ki, bu barədə Belarus Baş Prokurorluğunun məlumatında deyilir.
Qeyd olunur ki, “şübhəli şəxs” vəzifəli şəxs olmaqla şəhər şurasının binasının girişində yerləşdirilən Belarus Respublikasının milli rəmzi - dövlət bayrağının götürülməsini və onun ağ-qırmızı-ağ parça ilə dəyişdirilməsini təşkil edib:
“Tarixi-mədəni yadigardan sui-istifadə edərək, bununla da belarusların milli şərəf və ləyaqətini alçaldıb. Bu, xalqlarımızın yaxın və dostluq əlaqələrinə açıq şəkildə xələl gətirir və konstruktiv dialoq aparmaq istəksizliyini göstərir”.
Baş Prokurorluğun məlumatına görə, cinayət işi ibtidai istintaqın təşkili üçün Belarus İstintaq Komitəsinə göndərilib. Filatovu üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.