Hacı Şahinin videolarını "YouTube"dan niyə silirlər?

7-04-2024, 10:14           
Hacı Şahinin videolarını "YouTube"dan niyə silirlər?
Adamlar var, şəxsən tanımazsan, ancaq onu sənə tanıdanlar onun özünə də güzgü tutar.

***
Desəm ki, oturub saatlarla Hacı Şahinin videolarına baxıram, inanmayın.

Desəm ki, dostlarımla oturanda Hacı Şahindən danışıram, inanmayın.

Desəm ki, ölüm xəbərini alanda günlərlə özümə gəlmədim, inanmayın.


Onun videolarına mən səmaya baxıb ümidsizləşəndə qulaq asıram.

Onun haqqında illərdir görmədiyim dostlarımı görəndə danışıram.

Ramazanda... Ramazan günlərində hiss elədim ölümünü....

***

Bu gün də eşitdim ki, bəs Hacının yutub kanalı oğurlanıb.

Bəs videoları silinib.

Bəs indi kimsə və ya kimlərsə öz zəfərini qeyd eləyir.

Bəs şair demiş, unudulacaq bütün sevdalar...

***

Bir az əvvəl baxdım Hacının dəfn mərasiminə...

Açığı, baxmamışdım heç zaman...

Axırıncı dəfə kimin üçün bu qədər adam yığılıb?..

Axırıncı dəfə kimin üçün bu qədər ürəkdən ağlanıb?..

Axırıncı dəfə kimin üçün insanlar əlini ürəyinin üstünə qoyub onu xatırlayıb?..

Şəhidlərimiz istisna...

Qəti və qətiyyən xatırlamıram...

***

O adamlar hara getdilər?..

O asta-asta gözlərindən yaş süzülən adamlar...

O əllərin isitdiyi ürəklər...

Hamısı buradadı...

Hamısı aramızdadı...

Bəzən heç ağlımıza gəlməyən adamlar xatırlayır onu...

Bəzən düşünmədiyimiz anlarda çıxır qarşımıza...

Bəzən qarşımıza çıxmır, eləcə səsini eşidirik...

Uzaqdaaaan.... Laaap uzaqdan...

Sakit... Aram... Təmkinli...

Bəzən kiminsə səs tonu bənzəyir....

Bəzən kiminsə siması...

Minlərlə insanın ürəyinə su səpilir sanki...

Minlərlə insan üçün doğmalaşır haman adamlar...

***
Səmaya baxıram, ümiddən savayı heç nə yoxdur sonsuz maviliklərdə...

Ramazan ayı... Ramazan günlərı...

Əlimi ürəyimin üstünə qoyub illərdir görmədiyim dostumu axtarıram.



Ülvi Bahadır

Kulis.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.