Ermənistan Rusiya telekanallarının yayımını dayandıra bilər
11-04-2024, 00:02
Ermənistan tərəfinin sənədin redaktə edilməsi ilə bağlı təklifləri qəbul olunmasa, ölkə Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.
Bakupost.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan bildirib.
"Gələn həftə Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketi təqdim etməyi planlaşdırırıq ki, nəticə verəcək sənəd əldə edilsin, pozuntular olsa, sanksiyalar tətbiq olunacaq. Təkliflər qəbul olunmasa, Ermənistanın müqaviləni birtərəfli qaydada ləğv edəcəyini istisna etmirəm”, - Ayrapetyan parlamentdə bildirib.
Onun sözlərinə görə, artıq qarşı tərəflə məsləhətləşmələr aparılıb, lakin Rusiya telekanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında erməni tərəfinin artıq qeydə aldığı pozuntular ətrafında konsensus əldə olunmayıb.
Martın sonunda Ermənistanda “RTR-Planeta” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif verilişlərinin yayımı dayandırılıb.
Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsinin mətbuat xidməti qərarın iki ölkə arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin 5 və 6-cı maddələrinin mütəmadi olaraq pozulması əsasında qəbul edildiyini bildirib.