Göygöldə direktorun müdhiş talançılığı: Cavid Qurbanov zavodu yoxlatdırır
25-05-2015, 12:06
Göygölün Qızılca kəndindəki Qırmadaş Zavodu ilə bağlı rezonansa səbəb olacaq məlumatlar var.
"Azərbaycan Dəmir Yolları" QSC nəzdində fəaliyyət göstərən zavodun direktoru Arif Məmmədov dövlət əmlakını mənimsəməklə yanaşı, büdcə vəsaitlərinin təyinatdankənar xərclərə sərf olunmasına şərait yaradır.
Bu barədə “Gundelik-baku.com”un yazdığına görə, A.Məmmədov kifayət qədər böyük maliyyə imkanına sahibdir. Mənbənin sözlərinə görə, Qırmadaş Zavodunun direktoru "Azərbaycan Dəmir Yolları" QSC-nin Daşınma Proseslərini İdarəetmə Birliyinin Qərb istiqaməti üzrə bölmə rəisinin müavini Füzuli Kərimov və İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev tərəfindən himayə olunur.
Arif Məmmədov Füzuli Kərimov və Füzuli Quliyevə arxalandığı üçün büdcədən ayrılan vəsaitlərin təyinatdankənar xərclənməsinə göz yumur və bu yolla külli miqdarda gəlir əldə edir.
Qırmadaş Zavodunun direktoru bir neçə il öncə Şəmkir rayonunda dəmiryol reyslərini ləğv edib satıb. Bundan başqa, o, 20 vaqonu doğrayaraq metal kimi satıb. Arif Məmmədov indiyədək dövlətə külli miqdarda ziyan vurub. Belə ki, o, Qırmadaş Zavodunda "ölü canlar" saxlayır.
TİA.AZ saytın yazdıqlarına istinadən bildirir ki, QSC-nin sədri Cavid Qurbanovun göstərişinə əsasən Qırmadaş Zavodunda ciddi yoxlamalar həyata keçirilir. İddia olunur ki, bu yoxlamalara görə Arif Məmmədov iştirak etdiyi məclislərdə daim Cavid Qurbanovun əleyhinə danışır:
“İştirak etdiyi məclislərdə deyir ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovdan, eləcə də QSC-nin Daşınma Proseslərini İdarəetmə Birliyinin Qərb istiqaməti üzrə bölmə rəisinin müavini Füzuli Kərimovdan və İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyevdən xahiş etmişəm ki, Cavid Qurbanovun göstərişi ilə başlanmış yoxlamada mənə yardımçı olsunlar”.
Onun Qızılca kəndində inşa etdirdiyi imarətin milyonlarla qiyməti var. Abbas Səhhət küçəsində tikdirdiyi 3 villanın da qiyməti olduqca bahadır. O, həmin villalardan birini polis əməkdaşına satıb.
Birində özü yaşasa da, digərini də artıq satışa çıxarıb. Onun Gəncə şəhəri Əhməd Cəmil küçəsində əzəmətli şadlıq sarayı var. Həmin obyektin adı əvvəllər "Qızılgül" olsa da, Arif Məmmədov bir müddət öncə şadlıq evinin adını dəyişdirərək "Prestij" qoyub.
Bu şadlıq evi onun oğlu Vaqif Məmmədovun adına sənədləşdirilib. Digər oğlu Anar Məmmədovun adına isə Əhməd Cəmil küçəsində "Qızılca Petrol" adlı yanacaqdoldurma məntəqəsi var.