Çin markaları dünyanı necə fəth edir?
Bu gün, 12:38

Çin markaları bütün sahələrdə qərbli rəqiblərini geridə qoyaraq dünya liderliyini ələ keçirir.
Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, ukraynalı maliyyə eksperti Pavel Dukaç bu iqtisadi möcüzəni ətraflı izah edir.
Onun sözlərinə görə, on il əvvəl Çin məhsulları qərb məhsullarının ucuz təkrarı kimi qiymətləndirilirdi. Bu gün isə onlar təkcə Qərblə rəqabət aparmır, qaydaları dəyişdirərək dünya nəhənglərini üstələyirlər. Bunun necə baş verdiyini araşdıraq:
"Temu" - "Amazon": Aqressiv genişlənmə
2022-ci ildə fəaliyyətə başlayan "Temu" cəmi bir il yarım ərzində 49 ölkəni fəth edərək "Shein"dən sonra ikinci ən populyar alış-veriş tətbiqinə çevrilib:
2023-cü il gəliri - 16 milyard dollar, 2024-cü il proqnozu - 30 milyard dollar;
ABŞ-də gündəlik reklam xərcləri - 3-5 milyon dollar;
"Amazon"un elektron ticarətdə bazar payı 2021-ci ildə 56% ikən 2024-cü ildə 38%-ə enib.
"Temu" çox aşağı qiymətlər və aqressiv marketinq strategiyası ilə "Amazon" auditoriyasını özünə cəlb edir.
"Luckin Coffee" - "Starbucks": Qəhvə sənayesində rəqəmsal inqilab
2023-cü ildə "Luckin Coffee" Çində gəlir baxımından "Starbucks"ı üstələyib: 4.5 milyard dollara qarşı 3.9 milyard dollar.
"Luckin"nin 13.2 min, "Starbucks"ın isə 6.5 min qəhvə məntəqəsi var;
Ortalama çek Çin brendində 2.5 dollar, "Starbucks"da 5 dollardır;
Sifarişlərin 75%-i mobil tətbiq vasitəsilə edilir.
"Luckin" məkanın atmosferinə deyil, əlverişli qiymətlər və rəqəmsal texnologiyalara etibar etməklə qələbə çalır.
BYD - "Tesla": Çin elektromobillərdə yeni liderdir
2023-cü ilin 4-cü rübündə BYD elektromobil satışında "Tesla"nı üstələyib: 526 min maşına qarşı 485 min maşın.
Çin brendinin illik gəliri 85 milyard dollara çatıb;
Çin markaları (BYD, "Nio", "Xpeng") dünya elektromobil bazarının 60%-nə sahibdir;
BYD əlverişli qiymətə malik və texnoloji cəhətdən inkişaf etmiş modellər təklif edərək istehsal həcmi ilə rəqiblərini üstələyir.
"Mixue Bingcheng" - "McDonald's": Çay və dondurma hamburgerlərə qarşı
Çay və dondurma şəbəkəsi "Mixue" Çində məntəqə sayına görə "McDonald's"ı keçib: 36 minə qarşı 6 min.
Gəlir - 3.2 milyard dollar;
Qiymətlər: Çay - 70 sent (1 manat 20 qəpik), dondurma - 30 sent (50 qəpik);
Şirkət hər saat 3 yeni məntəqə açır.
"Mixue" çox aşağı qiymətlər və hipermiqyaslı genişlənmə ilə qalib gəlir.
Bir sözlə, Qərb şirkətləri onilliklərlə qaydaları müəyyən edirdisə, Çin indi təşəbbüsü ələ keçirir və bunu heyrətamiz sürətlə edir.