"Tesla" "Cybertruck" alıcılarını məyus etdi

23-10-2024, 16:38           
"Tesla" "Cybertruck" alıcılarını məyus etdi
İnnovativ elektrikli avtomobilləri ilə tanınan "Tesla" şirkəti yenə də yerinə yetirilməmiş vədlər səbəbindən diqqət mərkəzindədir.

"Electrek" nəşrinin verdiyi məlumata görə, istehsalçı futuristik "Cybertruck" pikapı üçün əlavə batareyaların satışının başlanması tarixini yenidən təxirə salıb.

Hələ 2019-cu ildəki təqdimatda "Tesla"nın rəhbəri İlon Mask əminliklə bildirmişdi ki, yeni elektrikli pikap məsafəni artırmaq üçün əlavə batareyaların quraşdırılması imkanına malik olacaq. İlkin olaraq onların istehsalının 2025-ci ilin əvvəlində başlanması planlaşdırılırdı, lakin indi şirkət müddəti 2025-ci ilin ortalarına keçirib.

Buraxılış tarixinin təxirə salınması ilə yanaşı, "Tesla" vəd edilmiş batareyaların xüsusiyyətlərini də pisləşdirib. Əvvəllər bildirilirdi ki, əlavə batareyalarla "Cybertruck"ın adi versiyalarının məsafəsi 470 milə (756 km), "Cyberbeast"in təkmilləşdirilmiş modellərinki isə 440 milə (708 km) çatmalı idi. İndi bu göstəricilər müvafiq olaraq 445 və 415 milə (716 və 668 km) endirilib.

Əlavə batareyaların qiyməti də sual doğurur. "Tesla" onları 16 000 dollar (təxminən 27 200 manat - red.) qiymətləndirir. Bundan əlavə, satışın başlanğıcında "Cybertruck"ın üçmotorlu versiyası 70 000 dollar (119 000 manat - red.) dəyərində olmalı idi, lakin şirkət qiyməti qəfildən 100 000 dollara (170 000 manat - red.) qaldırıb.

"Electrek"in ekspertləri ehtimal edirlər ki, "Tesla Cybertruck"dan brendin tanınmasını artırmaq üçün marketinq aləti kimi istifadə edə bilərdi. Onlar proqnozlaşdırırlar ki, 2025-ci ildə İlon Maskın şirkəti öz elektrikli pikaplarını əhəmiyyətli endirimlə satmağa məcbur olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.