Mehdi Xəlilbəyli məhkəmə zalından azadlığa buraxılıb
7-11-2024, 00:18
Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, bir qədər əvvəl Bakıda həbs olunan Müsavat fəalı Mehdi Xəlilbəylinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Mehdi Xəlilbəyliyə 3 il sınaq müddəti təyin olunmaqla, 4 il müddətinə şərti cəza verilməsini istəyib.
Daha sonra Mehdi Xəlilbəyli son söz deyib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub.
Qərara əsasən, Mehdi Xəlilbəyliyə həbsdə olduğu 9 ay çıxılmaqla, 2 il sınaq müddəti təyin olunmaqla, 3 il 2 ay 29 gün şərti cəza verilib.
M. Xəlilbəyli məhkəmə zalından azadlığa braxılıb.
Qeyd edək ki, Mehdi Xəlilbəyli bu ilin əvvəlində Avropadan Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.
Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.
O zaman bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.
Mehdi Xəlilbəylinin istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib. O, Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü bildirib.
Cinayət işi ürə jurnalist Sahil Bəxtiyar oğlu Kərimli ilə yanaşı daha 13 nəfər - Cəfərov Elmar Eldar oğlu, Əfəndiyev Mehman Yaqub oğlu, Salayev Emin Akif oğlu, Hüseynov Kamran Akif oğlu, Əhmədov Musa Nizami oğlu, Kazımov Tərlan Qürbət oğlu, Qasımov Ağagül Akif oğlu, Sultanov Elçin Elxan oğlu, İsgəndərov Zaur Tahir oğlu, Həsənov Mirzə Tahir oğlu, Hacızadə Rəşad Mirsahib oğlu, Cəfərov Zavur Cəmil oğlu, Hüseynov Hüseyn Kəskin oğlu zərərçəkən kimi tanınıb. (APA)