KUPYANSKA GİRƏN RUSLAR MƏHV EDİLİB - Rəsmi açıqlama + VİDEO (Yeniləndi)
Bu gün, 00:13
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, ötən gün Rusiya hərbçilərinin Kupyanska bütün hücumları dəf edilib. Xarkov vilayətində yerləşən adıçəkilən şəhər Ukrayna hərbçilərinin nəzarəti altındadır.
“Rus işğalçıları Kupyanska girə bilmədilər. Şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andrey Kovalev “Ukrinform”-a şərhində bildirib.
Onun sözlərinə görə, çərşənbə günü günortadan sonra ruslar Kupyansk istiqamətində müdafiəni yarmağa cəhd edib. “Bu zaman 15 ədəd texnikadan istifadə etməklə dörd dəfə Ukrayna hərbçilərinin mövqelərinə hücum ediblər. Ukrayna bölmələri irəliləyişi dayandıraraq bütün zirehli texnikaları və hücum edən canlı qüvvənin əhəmiyyətli hissəsini məhv edib”, - Kovalev bildirib.
Ötən gecə Ukraynanın DeepState analitik layihəsi zirehli maşınlarda olan bir neçə rus hərbçisinin Kupyanskın kənarına daxil olduğunu bildirib. Qeyd olunub ki, Ukrayna hərbçiləri bir MT-LB zirehli traktorunu sıradan çıxarıb, digər oxşar maşın isə Svatovskaya küçəsi ərazisinə sərbəst şəkildə gedə bilib, maşından 15-ə yaxın rusiyalı hərbçi çıxaraq yaşayış binalarına dağılıb. Ukrayna Silahlı Qüvvələri həmin küçədə Rusiya tankını sıradan çıxarıb və desant dəstəsinin bir hissəsini məhv edib.
Eyni zamanda, Rusiyapərəst “hərbi ekspert” Andrey Maroçko iddia edir ki, son bir neçə gün ərzində Rusiya hərbi qulluqçuları Kupyansk yaxınlığında xeyli irəliləyib və şəhərin kənarında möhkəmləniblər: “Cəmi bir neçə gün ərzində qabaqcıl bölmələrimiz Kupyansk kəndinin şimal-şərqində irəliləməyə və yüksək mövqe qazanmağa müvəffəq olub. Ukrayna yaraqlıları da öz növbəsində bəzi bölgələrdən qüvvələrini və resurslarını çıxarır, həmçinin şəhərin müdafiəsi üçün fəal tədbirlər görürlər”.
Video burda
“AzPolitika.info”