İran Polisi Marağa şəhərində 7 iş yerini möhürləyib

Bu gün, 16:28           
İran Polisi Marağa şəhərində 7 iş yerini möhürləyib
Polis Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində 7 iş yerinin möhürləndiyini açıqlayıb.

Marağa şəhərinin polis komandiri Əhməd Farsi mediaya verdiyi açıqlamada şəhərdə fəaliyyət göstərən 7 iş yerinin, o cümlədən kafe, çayxana və toy salonunun bağlandığını bildirib. O həmçinin 145 iş yeri sahibinə xəbərdarlıq edildiyini qeyd edib.

Polis rəsmisinin sözlərinə görə, bu tədbirlər polis qüvvələrinin şəxsi geyimdə gizli yoxlamaları və ya rəsmi geyimdə birbaşa iş yerlərinə nəzarəti nəticəsində həyata keçirilib. Əhməd Farsi vurğulayıb ki, iş yerlərinin möhürlənməsi "cəmiyyətdə təhlükəsizlik və əxlaqın inkişafı planları" çərçivəsində baş tutub.

İranda toy salonlarında və çayxanalarda musiqi ifası və insanların rəqs etməsi, eləcə də qadınların məcburi hicab qaydalarına əməl etməməsi bu yerlərin polis tərəfindən bağlanmasına səbəb ola bilər.

İran polisi "təhlükəsizlik və əxlaqın inkişafı planları" adlandırdığı tədbirlər çərçivəsində məcburi hicab qaydalarının tətbiqini həyata keçirir, qadınlarla kişilər arasında münasibətlər, qarışıq məclislər və digər sosial fəaliyyətlər zamanı insanların davranışlarını məhdudlaşdırmaq məqsədilə bu kimi addımlar atır. Bu kimi əyləncələr hakimiyyətin müəyyən etdiyi dəyərlərə zidd hesab olunur.

Polisin məhdudlaşdırıcı tədbirləri şəhərlərdə quraşdırılmış müşahidə kameraları, əxlaq polisi patrulları və ictimai məkanlara birbaşa nəzarət vasitəsilə icra olunur.
Xüsusilə 2022-ci il ümummilli etirazların sərt şəkildə repressiyaya məruz qalmasından sonra kafelərin, restoranların, çayxanaların və digər ictimai məkanların bağlanması ilə bağlı xəbərlər daha da artmışdı. Buna baxmayaraq, bəzi qadınlar hələ də İranda məcburi hicab qaydalarına qarşı etiraz olaraq ictimai yerlərdə başörtüklərini açır və mədəni itaətsizlik vasitəsilə bu qanuna öz narazılıqlarını ifadə edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.