Ömür klinikasında həkimlər də maaşlarını ala bilmir…
19-06-2015, 21:26
Qəzetimizin 17 iyun tarixli sayında dərc olunmuş “Ömür” klinikası lisenziyasız fəaliyyət göstərir?” sərlövhəli tənqidi materialda, ölkəmizin səhiiyə sistemi üçün səciyyəvi olan bəzi neqativ hallardan bəhs olunmuşdu. Qeyd etdiyimiz ki, əslində ümumiləşdirilməsi mümkün olan bu çatışmazlıqlar, hər halda bu gün daha çox məhz özəl səhiyyə müəssisələrində müşayiət olunmaqdadırlar. Belə ki, bazar iqtisadiyyatının verdiyi imkanlar və sərbəst qiymət müəyyənləşdirmə siyasəti, nəticə etibarı ilə Bakının bir çox özəl klinikalarında qiymətlərin özünü doğrultmayacaq dəsəcədə yüksək həddə qaldırılmasına şərait yaratmış oldu. Məsələ bundadır ki, insanların özlərinin və yaxınlarının sağlamlığını təmin etmək məqsədilə istənilən məsrəfləri gözə almaları, bu sahədə bir çox maxinasiyalara yol açmışdır. O cümlədən daxil olan məlumatlarda qeyd olunur ki, Gülnarə Sultanqızının rəhbərlik etdiyi “Ömür” klinikasında da, bu gün məhz şişirdilmiş qiymətlər əsas qazanc mənbəyi kimi çıxış edir. Təəssüflər olsun ki, bir çox hallarda biz özümüz belə səhiyyə müəssisələrində aldadılmağımıza şərait yaradırıq. Zənn edirik ki, tələb olunan yüksək məbləğlər, artıq alacağımız tibbi xidmətlərin, müayinə və müalicə prosedurlarının da yüksək keyfiyyətinə zəmanət verir. Halbuki, reallıqda işlər tamamən fərqli müstəvilərdə baş verir. Əksər hallarda bu klinikalarda real keyfiyyətə malik olan, sadəcə burada yerləşdirilən bahalı tibbi avadanlıqlardır. Elə “Ömür” klinikası da bu baxımdan kifayət qədər yaxşı təchiz olunub. Belə ki, klinikanın öz internet səhifəsində də təsdiq olunduğu kimi, bu gün müəssisənin təkcə USM mərkəzində 7 şöbə fəaliyyət göstərir. ABŞ, Almaniya, Yaponiya istehsalı olan “VİNGMED SİSTEM FİVE”, “ESAOTE AU-5”, “VİNGMED-800”, “SONOSKOPE-3”, 4 D rejimli “VALUSON-730”, “MİNDRAY”, “COMBİSON”, “VİVİD FİVE”, “ALOKA SSD”, “LOGİQ-200”, “LOGİQ-400”, “LOGİQ-9” aparatlarının köməyi ilə kompleks müalicədə böyük rol oynayan dəqiq və keyfiyyətli Transkranial və doppler müayinə, Exo-kardioqrafiya, orqanların müayinəsi, müayinə, densitometriya, mammoqrafiya və s. müayinə aparmaq mümkündür. Lakin bütün bu imkanlardan yararlanmaq hələlik bir xəyal olaraq qalmaqdadır. Çünki, ilk növbədə bu ultra-müasir avadanlıqlarla müayinə aparmaq qabiliyyətinə malik həkimlərin sayı elə də çox deyil. Onların klinikaya cəlb olunması isə təbii ki, kifayət qədər böyük əməkhaqqı müqabilində mümkündür. Lakin “Ömür” klinikasının rəhbərliyi bu xüsusda başqa siyasətə üstünlük verir. Təqdim olunan açıqlamalara görə, Gülnarə Sultanqızı işə götürdüyü həkimlərə maaş vermir, bunun əvəzində isə həkimlərə təklif olunan faiz dərəcələri, onların klinikaya müştəri cəlb etmək bacarıqları əsasında müəyyənləşdirilir. Məlum olduğu kimi, tibbi xidmətlərə görə daha yüksək qiymətlər məhz xaricdən dəvət olunan və ya xarici ölkələrdə iş təcrübəsi olan yerli həkimlərin qəbuluna görə müəyyən olunur. “Ömür” klinikasında da əsasən respublikamızdan kənarda fəaliyyət göstərən ən müxtəlif səhiyyə ocaqlarında işləmiş və ya ixtisas kursları keçmiş tibb işçiləri çalışırlar. Bu həkimlərin xaricdə hansı səviyyədə peşəkarlığa yiyələndikləri isə yalnız onların özlərinə məlumdur. Məsələn, bəzi mənbələr iddia edirlər ki, bu gün Azərbaycanda bu və ya digər sahənin az qala dünyada 1 nömrəli mütəxəssisi kimi təqdim olunan elə həkimlər var ki, onlara gəldikləri ölkədə ümumiyyətlə səhiyyə sahəsində çalışmaq qadağan olunub. Amma belə xırdalıqlar çətin ki, “Ömür” klinikasında kimləri isə narahat etmiş olsun. Axı son nəhayətdə, bu gün bu klinikanın özü də Səhiyyə Nazirliyinin müvafiq lisenziyası olmadan fəaliyyət göstərir.
Mənbələr isə iddia edirlər ki, Gülnarə Sultanqızının Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə olan bağlantılarına dair yaxın vaxtlarda təqdim olunacaq açıqlamalar, oxucularımızın daha böyük marağına səbəb ola biləcək. dia.az