Bakının mərkəzində rəzalət: kanalizasiya suları küçə ilə axır

1-07-2015, 20:53           
Bakının mərkəzində rəzalət: kanalizasiya suları küçə ilə axır
Xətai rayonu, Sadıqcan küçəsində kanalizasiya borusunun partlaması nəticəsində çirkab sular birbaşa evlərin və binaların həyətinə və yola axır.

Bu barədə ərazidə yaşayan sakinlərin virtualaz.org saytına ünvanladığı şikayətdə deyilirdi.

Saytımızın əməkdaşları sözügedən ünvanda olublar. Ətrafda yeni tikilən çoxmərtəbəli yaşayış binaları, həyət evləri, mağaza və digər obyektlər yerləşir. 3 gündür yola axan çirkab sular nəticəsində gediş-gəliş çətinləşib, ətrafı isə üfunət iyi bürüyüb.

Sakinlərin sözlərinə görə, iy-qoxudan qapı-pəncərəni də aça bilmirlər: “Üfunət iyindən boğuluruq. Havaların isti keçməsi vəziyyəti daha da çətinləşdirib. Üfunət qoxusundan xüsusilə uşaqlar nəfəs ala bilmirlər. Bu da azmış kimi binaları, evləri ağcaqanadlar, müxtəlif həşəratlar bürüyüb. Çirkab sular xəstəlik mənbəyidir. Bu vəziyyətin yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyindən qorxuruq. 3 gündür qarşı yolu keçmək üçün uzun məsafəni qət eləmək məcburiyyətindəyik”.

Ərazidə yüzlərlə sakinlərinin əsas istifadə etdiyi yol gölməçəyə çevrilib. Hətta yolda bataqlıqlar yaranıb.

Sakinlər acınacaqlı vəziyyətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə, ərazi mənzil istismar sahəsinə şikayət etsələr də reaksiya olmayıb.

Xətai Rayon İcra Hakimiyyətindən isə virtualaz.org saytına bildirdilər ki, onlar rayonun kanalizasiya probleminə qatışmırlar: “İcra hakimiyyəti kanalizasiya şikayətinə baxmır. Bu məsələ ilə “Azərsu” Səhmdar Cəmiyyəti məşğul olur. Sakinlər şikayətlərini yanlış quruma ünvanlayıblar”.

“Azərsu” SC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı virtualaz.org saytına bildirdi ki, ərazidəki drenaj sistemi tutulub, problem də bundan yaranıb: “Hazırda Bakı Sukanal İdarəsinin və Xətai rayon Sukanal idarəsinin əməkdaşları ərazidədir. Ərazidə hətta zirzəmiyə də su toplanıb. Yaxın vaxt ərzində problem həll olunacaq”.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.