Hesablama Palatası: Sosialyönlü xərclərin hesabatlılığındakı uyğunsuzluqlar aradan qaldırılıb

Bu gün, 16:16           
Hesablama Palatası:
2024-cü ildə Hesablama Palatasının tövsiyəsinə uyğun olaraq sosialyönlü xərclərin hesabatlılığındakı uyğunsuzluqlar aradan qaldırılıb, aparılan təhlillərlə bu istiqamətdə təkmilləşdirilmələrin davam etdirilməsi qənaətinə gəlinib.

Bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata əsasən 2024-cü ildə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 38,9 %-i qədər və yaxud 14 milyard 652,7 milyon manat icra olunub ki, bu da 2023-cü illə müqayisədə 303,6 milyon manat və yaxud 2,1 % çoxdur.

Əvvəlki illərdən fərqli olaraq 2024-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatda sosialyönlü xərclərin tərkib elementləri dövlət büdcəsinin layihəsinə dair izahatda göstərilən komponentlərlə eynilik təşkil edib.

Belə ki, əvvəlki illərdə dövlət büdcəsinin layihəsinə dair izahatda əməyin ödənişi, ərzaq məhsullarının, dərman, sarğı ləvazimatları və materiallarının alınması, təqaüd və sosial müavinətlər (dövlət büdcəsindən DSMF-in büdcəsinin balanslaşdırılması üçün ayrılan vəsait və sosial ödənişlər), icbari tibbi sığorta, eləcə də kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər üzrə xərclər sosialyönlü xərclərin tərkibinə daxil edilsə də, dövlət büdcəsinin icrasına dair illik hesabatlarda sosialyönlü xərclər adıçəkilən komponentlərdən yalnız 4- ü (əməyin ödənişi, sosial ödənişlər, ərzaq məhsullarının, dərman, sarğı ləvazimatları və materiallarının alınması) əsasında hesablanıb.

Bu isə son nəticədə müqayisəliliyə imkan verməməklə müvafiq komponentlərin dəqiqləşdirilməsini və hər iki hesabatlılıqda eyniləşdirilməsini labüd edib.

2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda bu fərqlilik aradan qaldırılıb, sosialyönlü xərclərin tərkibinə 2024-cü ilin dövlət büdcəsinə dair izahatda göstərilən aşağıdakı elementlər daxil edilib.

Əməyin ödənişi, ərzaq məhsullarının alınması, dərman, sarğı ləvazimatları və materiallarının alınması, sosial ödənişlər (dövlət büdcəsindən DSMF-in büdcəsinin balanslaşdırılması üçün ayrılan vəsait daxil olmaqla), əhalinin icbari tibbi sığortalanması xərcləri, 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması xərcləridir.

Xatırladaq ki, 2025-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində büdcənin layihəsi və icrası üzrə fərqli hesabatlılığın aradan qaldırılması məqsədilə sosialyönlü xərclərin tərkib elementlərinin dəqiqləşdirilməsi tövsiyə edilib.

Təqdim edilmiş illik hesabatda əvvəlki illər üzrə də sosialyönlü xərclər müvafiq komponentlər əsasında yenidən hesablanmış və müqayisəlilik təmin edilib.

Bu müsbət məqamlar fonunda Hesablama Palatası sosialyönlü xərclərin hesablanması prosesində bəzi dəqiqləşmələrə ehtiyac olduğu qənaətindədir. Belə ki, 2025-ci ilin dövlət büdcəsinin layihəsinə Rəydə də bildirdiyimiz kimi, təhlillər sosialyönlü xərclərin tərkibinə daxil edilə biləcək digər xərc istiqamətlərinin də olduğunu göstərir ki, bu da sosialyönlü xərclərin məbləğinin qeyd olunandan daha artıq olduğunu deməyə imkan verir.

Məsələn, pulsuz verilən mənzillərə görə, eləcə də yararsız və qəzalı hala düşmüş binalardan köçürülmüş sakinlərə kirayə haqqının ödənilməsi, işğaldan azad edilmiş ərazilərdə ödənilmiş kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi, İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi və s. kimi xərclər də mahiyyət etibarilə sosialyönlü hesab edilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.