Turist və pul axını: kazino sənayesi ölkələrə nə qazandırır? – ARAŞDIRMA
Bu gün, 15:38

Kazino biznesinin iqtisadiyyatın inkişafında rolu olduğuna görə, bunun müsbət qiymətləndirilən tərəfləri də mövcuddur. Təbii ki, kazino sənayesi ölkənin qanunvericiliyinə, nəzarət mexanizmlərinə və iqtisadi struktura görə dəyişə bilir. Dünya təcrübəsinə nəzər yetirdikdə müşahidə edilən odur ki, kazino sənayesi investisiya və turizm gəlirləri baxımından əhəmiyyətli rol oynayır. Çünki kazinolar xüsusilə xarici turistləri cəlb etmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada turizmin inkişafı ilə birlikdə hotellər, restoranlar, nəqliyyat və digər xidmət sahələri də faydalanır.
Milli Məclisin deputatı Azər Badamov İqtisadiyyat.az-a bildirib ki, kazino sənayesi çox gəlirli sahədir. O vurğulayıb ki, turizm sektorunun inkişafında kazino sənayesinin rolu böyükdür: “Hansı ölkələr bu sahəyə maraq göstərirsə, həmin ölkələr beynəlxalq turizm bazarından daha çox turist cəlb edə bilir və böyük gəlirlərə nail ola bilirlər”.
Deputat hesab edir ki, bu baxımdan ölkəmizdə də bu sahənin fəaliyyətinin hüquqi bazası formalaşarsa, dövlət büdcəsinə əlavə gəlirlərin yeni bir mənbəyi açılmış olar.
Kazino sənayesinin dünya təcrübəsində mövcud olduğunu xatırladan A.Badamov söyləyib ki, qonşu Gürcüstanda və Qazaxıstanda bu biznes leqallaşdırılıb: “Bu ölkələr turizmin xüsusi növü olan kazino sənayesindən uğurla istifadə edə bilirlər. Kazino həvəskarları kazinoların fəaliyyətinə icazə verilmiş ölkələrə səfər edir və özləri ilə müəyyən qədər vəsaiti aparıb xərcləyirlər. Bunun həm də valyuta axınının bir istiqaməti olduğunu hesab edə bilərik”.
A.Badamov qeyd edib ki, əgər ölkəmizdə bu sahə leqallaşarsa, həm ölkədən çıxan valyutanın qarşısı alınmış olar, həm də xaricdən bu sahəyə valyutanın axınını artırmaq olar: “Bu, həm hotellərdə xarici turistlərin yerləşmələrinin sayını artırar, həm də yeni iş yerləri yaranar. Kazino sənayesində böyük pullar dövriyyə olunur. Əgər nəzarət sistemi düzgün qurularsa, bu sahə qanuniləşdirilib vergiyə cəlb olunarsa, dövlət büdcəsinin gəlirlərində müəyən artımları əldə etmək olar. Kazino sənayesinin icazə verildiyi ərazilərdə turizm sektorunun inkişafı qaçılmazdır”.
Dünyanın bəzi yerlərində (məsələn, Monako, Makao, Las Veqas və s.) kazino sektoru şəhərlərin əsas iqtisadi dayağıdır. Çünki kazinolar böyük vergi ödəyiciləridir. Məhz kazino sənayesi sayəsində dövlət büdcəsinə stabil və yüksək məbləğdə vergi axını təmin edilir. Bu gəlirlər sosial və infrastruktur layihələrin icrasına yönəldilə bilər. Kazinolar birbaşa və dolayı yolla minlərlə iş yeri yaradır. Eyni zamanda kazino turizmi olan bölgələrdə yollar, hava limanları, hotellər və digər obyektlər təkmilləşdirilir. Bu infrastrukturdan isə yalnız turistlər yox, yerli əhali də faydalanır.
Təbii ki, kazino sənayesinə dövlət nəzarəti və düzgün tənzimləmə mexanizmi olmazsa, bu sektor qeyri-rəsmi iqtisadiyyata çevrilə bilər. Amma bu sənaye düzgün idarə olunduqda və nəzarət altında saxlanıldıqda iqtisadi inkişaf üçün mühüm alət ola bilər. Hazırda Azərbaycanda rəsmi olaraq kazinolar fəaliyyət göstərmir, amma bu sahədə mütəmadi olaraq ictimai və siyasi müzakirələr gündəmə gəlir.
Milli Məclisin deputatı Razi Nurullayev də İqtisadiyyat.az-a bildirib ki, bir çox ölkələr kazino biznesini iş yerlərinin açılması imkanı kimi görür və ciddi qazanc əldə edirlər.
Azərbaycanda kazino beznesinin açılmasına gəlincə, deputat söyləyib ki, bununla bağlı ciddi mexanizm müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, ölkəmizdə kazino sənayesi yaradılarsa, burada ciddi dövlət nəzarəti olmalıdır:
“Hesab edirəm ki, bu sənaye yalnız xarici turistlər üçün açıq olmalıdır. Birmənalı şəkildə demək istəyirəm ki, əgər Azərbaycanda da kazino açılarsa, Azərbaycan vətəndaşlarına orada oynamaq qadağan olunmalıdır. Çünki bizə lazım olan iqtisadiyyatın inkişafı və ölkəyə pul axınını təmin etməkdir. Belə olan halda isə xarici turistləri cəlb etmək baxımından kazino sənayesinin inkişafı çox önəmlidir”.
Deputat vurğulayıb ki, kazino sənayesi turizmin inkişafı üçün olduqca böyük rola malikdir: “Bəzi ölkələr məhz bu biznesin hesabına həm turizm sənayesini inkişaf etdirir, həm bunun nəticəsində iqtisadiyyatını möhkəmləndirir, həm də büdcəsini doldurur".
Dünya təcrübəsində kazino biznesi
Dünya təcrübəsində kazino biznesinə yanaşma müxtəlif ölkələrdə fərqli iqtisadi, hüquqi və mədəni amillərə əsaslanır. Kazino fəaliyyəti qanuni şəkildə Qazaxıstanda yalnız müəyyən edilmiş iki ərazidə (Kapçagay və Şuçinsk şəhərlərində), Rusiyada yalnız müəyyən edilmiş beş ərazidə (“igrova zona”), eləcə də Gürcüstanda icazəlidir. ABŞ-ın əksər ştatlarında (xüsusilə Nevada, New Jersey, Mississippi, Pennsylvania və s.) kazino sənayesi qanuni şəkildə fəaliyyət göstərir. Las Veqas (Nevada) və Atlantic City (New Jersey) şəhərləri dünyanın ən böyük kazino mərkəzlərindəndir. Bu biznes burada turizmin əsas dayağıdır. Çünki bunun sayəsində minlərlə iş yeri yaradılıb və vergidən milyardlarla dollar gəlir əldə olunur. Çinin Makao əyaləti “Asiyanın Las Veqası” adlandırılır. Dünyanın ən gəlirli kazino bölgəsidir. Makao iqtisadiyyatının 80%-i kazino sənayesi ilə bağlıdır. Burada turizm də olduqca inkişaf edib.
Sinqapurda kazino fəaliyyəti 2010-cu ildən rəsmi olaraq leqallaşdırılıb. Burada bu sektora nəzarət mexanizmi çox güclüdür və yerli əhali üçün giriş ödənişlidir. Bu sənayenin leqallaşdırılmasından sonra qısa müddət ərzində Sinqapur turizm və sərmayə cəlbetmə baxımından böyük qazanc əldə edib. Eyni zamanda burada profilaktik tədbirlər kimi asılılıqla mübarizə fondları da yaradılıb. Monako Avropanın məşhur kazino bölgəsidir. Burada yerli əhalinin qorunması üçün yalnız xarici vətəndaşların kazinolara girişinə icazə vardır. Böyük Britaniyada da kazinolar tam qanunidir. Dövlət Komissiyası tərəfindən tənzimlənir. Malta kazino sənayesinin əsas mərkəzlərindəndir. Burada da dövlət nəzarəti vasitəsilə lisenziyalaşdırma həyata keçirilir. Kanadanın da bəzi əyalətlərində bu sənaye leqallaşdırılaraq inkişaf etdirilib və burada da əsaslı tənzimləmə var. Qanuni şəkildə və dövlət nəzarəti altında fəaliyyət göstərən kazino sənayesi Avstraliya, Fransa, İspaniya, İtaliya, İsveç, Cənubi Afrika və Filippində də iqtisadiyyatın inkişafında rol oynayır. Almaniyanın 16 əyalətinin hər birində kazinoların fəaliyyətinə dair fərqli qaydalar mövcuddur. Bəzi ölkələrdə isə yalnız müəyyən ərazilərdə (turizm zonaları) kazinoya icazə verilir (məsələn, Rusiya, Vyetnam). Təbii ki, bunların hamısınd komissiyalar vasitəsilə ciddi nəzarət mövcuddur. Hər əyalət öz qanunlarını müəyyən edir. Davamlı dövlət nəzarəti mövcud olduğu üçün iqtisadi artıma da böyük töhfə verilir.
“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi İqtisadiyyat.az-a deyib ki, son günlərdə Azərbaycanda kazino biznesinin iqtisadi və turizmə təsiri barədə geniş ictimai müzakirələr aparılır.
Onun sözlərinə görə, kazino sənayesi dünya miqyasında həm maddi gəlir, həm də sosial-mənəvi risklərlə müşayiət olunan spesifik bir sahədir. Maddi və mənəvi təsirlərə gəlincə mütəxəssis bildirib ki, kazino biznesi bir çox ölkədə büdcə gəlirlərini artırmaq, yeni iş yerləri yaratmaq və turizmi stimullaşdırmaq üçün mühüm vasitə sayılır: “Lakin bu sahənin mənfi tərəfləri də var: qumar asılılığı, sosial problemlər və cinayətkarlıq risklərinin artması kimi mənəvi və ictimai təhlükələr mövcuddur”.
Qlobal təcrübəyə nəzər salan ekspert söyləyib ki, Monako, Makao, Sinqapur və ABŞ-ın bəzi ştatları (məsələn, Nevada) bu sənayeni qanunla tənzimləyərək həm turizm axınını, həm də vergi gəlirlərini əhəmiyyətli dərəcədə artırıblar: “Bu ölkələrdə ciddi lisenziyalaşdırma, vergi sistemi və nəzarət mexanizmləri tətbiq olunur. Azərbaycanın potensialına gəlincə isə ölkəmizin coğrafi mövqeyi, turizm infrastrukturundakı inkişaf və regional tranzit mərkəzi kimi rolu kazino sənayesinin yaradılması üçün nəzəri imkanlar açır. Xüsusilə Xəzəryanı zonalarda və sərhədə yaxın turistik bölgələrdə bu cür obyektlər xarici turistlər üçün cəlbedici ola bilər”.
S.Dübəndi bildirib ki, əgər bu sənaye Azərbaycanda tətbiq olunarsa, ciddi hüquqi-nəzarət mexanizmləri, yaş məhdudiyyətləri, sosial monitorinq sistemləri və vergitutma strategiyaları hazırlanmalıdır: “Dövlət üçün əsas məqsəd turizmi və iqtisadiyyatı inkişaf etdirmək olsa da, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması əsas şərtdir. Kazino sənayesinin ölkəmizdə yaradılması yalnız iqtisadi maraqlar çərçivəsində deyil, həm də sosial məsuliyyət və milli dəyərlər kontekstində qiymətləndirilməlidir. Bu sahəyə dair geniş ictimai müzakirə və elmi əsaslandırılmış qərarların qəbul edilməsi vacibdir”.
Dünya təcrübəsi göstərir ki, uğurlu kazino modelinin şərtləri güclü hüquqi çərçivə və lisenziyalaşdırma, maliyyə və audit nəzarəti, qumar asılılığına qarşı sosial proqramlar, kazino gəlirlərinin bir hissəsinin sosial sahələrə yönəldilməsi, yerli əhalinin müdafiəsi (məsələn, giriş məhdudiyyətləri) olmalıdır.
İqtisadçı ekspert Eldəniz Əmirov İqtisadiyyat.az-a deyib ki, kazinoların ölkələrin iqtisadiyyatında müəyyən rolu mövcuddur. O hesab edir ki, Azərbaycanda da kazinonun yaranmasına ehtiyac vardır: “Çünki kazino sənayesi ölkə iqtisadiyyatı üçün az-çox öz müsbət effektini verə bilər. Bu effekti həm turizm, həm məşğulluq, həm əyləncə sektorunda, həm də infrastrukturun inkişafında görə bilərik”.
Kazinoların ölkələrin iqtisadiyyatında roluna gəlincə, bu, ölkədən ölkəyə fərqlənir: “Ölkə var ki, orada kazino sənayesinin rolu sıfır faizdir. Ölkə var ki, iqtisadiyyatına daxilolmalarda bir neçə faizə qədər kazinoların payı var. 2023-cü il ərzində cəmi 55 milyon dollarlıq gəlir olub. Bu, əslində kiçik rəqəm deyil. Gürcüstan qədər iqtisadiyyatı böyük olmayan bir ölkə üçün 55 milyon dollar kifayət qədər böyük vəsaitdir”.
İqtisadçı vurğulayıb ki, kazino sənayesi ümumiyyətlə turizm sektoruna, ələxsus da, daha üst səviyyəli turizm, lüks turizm sektorunun və əyləncə turizminin inkişafı üçün çox önəmlidir: “Amma həm iqtisadi, həm də digər müsbət dividendlərlə yanaşı bunun müəyyən riskli tərəfləri də vardır. Hesab edirəm ki, kazinoların hər bir ölkədə fəaliyyətə başlaması üçün ilk növbədə riskli tərəflər doğru qiymətləndirilməli və risklərin sığortalanması üçün ciddi mexanizmlər işlənib hazırlanmalıdır. Məsələn, çirkli pulların yuyulmasına qarşı burada güclü nəzarət mexanizmi olmalıdır. Eyni zamanda müəyyən kateqoriyalar üzrə limitlər qoyulmalıdır. Yaş kateqoriyası üzrə və yaxud da müəyyən ərazilər üzrə ilkin olaraq başlaya bilər. Bir sözlə, nəzarət edilə biləcək səviyyədə kozino fəaliyyətinin təmin olunması ölkə iqtisadiyyatı üçün müsbət dividentlər verə bilər”.
Dünya təcrübəsində kazino sənayesindən əldə olunan gəlirlər
Kazino sənayesinin dövlət büdcəsinə töhfəsi ölkədən-ölkəyə dəyişir. Bu sahədə ən yüksək töhfəni verən ölkələrdən bəziləri aşağıdakılardır: Makaoda ötən il kazino gəlirlərinin dövlət büdcəsinə nisbəti 80.5% olub. Makaonun iqtisadiyyatı əsasən kazino gəlirləri ilə formalaşır. 2024-cü ildə kazino gəlirləri 88.1 milyard MOP (təxminən 11 milyard ABŞ dolları) təşkil edib, bu da dövlətin ümumi vergi gəlirlərinin 80.5%-ni təşkil edir.
Sinqapurda 2017-2018-ci illərdə kazino gəlirlərinin dövlət büdcəsinə nisbəti 7% olub. Burada 2010-cu ildən fəaliyyət göstərən kazinolar təkcə 2017-2018-ci illərdə təxminən 2 milyard ABŞ dolları məbləğində vergi gəliri əldə edib, bu da dövlətin ümumi vergi gəlirlərinin təxminən 7%-ni təşkil edir. Maltada kazino gəlirlərinin iqtisadiyyata nisbəti 11%-dir. Bu, kiçik bir ölkə olmasına baxmayaraq, illik təxminən 1 milyard avro vergi gəliri əldə edir ki, bu da ölkə iqtisadiyyatının təxminən 11%-ni təşkil edir.
Monakoda kazino gəlirlərinin ÜDM-ə nisbəti 6%-dir. Monako kazinolardan ildə təxminən 210 milyon avro gəlir əldə edir ki, bu da ölkənin ÜDM-nin təxminən 6%-ni təşkil edir. 2023-cü ildə Cənubi Afrikada kazino gəlirlərinin dövlət büdcəsinə nisbəti 0.1% olub. Həmin il kazino vergilərindən əldə edilən gəlir 371,1 milyon metika (təxminən 5,3 milyon avro) olub, bu da dövlətin ümumi gəlirlərinin yalnız 0.1%-ni təşkil edir.
Filippində 2023-cü ildə kazino gəlirlərinin dövlət büdcəsinə nisbəti 0.1% olub. Həmin il kazino vergilərindən əldə edilən gəlir 3,5 milyard pesos (təxminən 65 milyon ABŞ dolları) olub, bu da dövlətin ümumi gəlirlərinin yalnız 0.1%-ni təşkil edib. Bu rəqəmlər ölkələrin iqtisadiyyatı və qumar sənayesinin inkişaf səviyyəsinə görə dəyişir. Kiçik ölkələrdə kazino gəlirləri dövlət büdcəsinin böyük bir hissəsini təşkil edə bilər, lakin böyük ölkələrdə bu nisbət daha aşağıdır.
İqtisadiyyat.az-ın analitik qrupu