Sirvan şəhərində bələdiyyədən xəbər verən yoxdur
2-07-2015, 12:52
Ölkəmizdə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsinə və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilir. Yerli özünüidarə qurumlarının fəaliyyətinin yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər görülsə də, bu sahədə müəyyən problemlər mövcuddur. Məsələ burasındadır ki, Azərbaycanda bələdiyyələrin hazırkı səlahiyyətləri kifayət qədər məhduddur.
Ekspertlər bunu yerli özünüidarə etmədə paralelliyin mövcud olması ilə izah edirlər: "Yerli idarəetmələr, həm bələdiyyələr, həm də yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Səlahiyyətlərin böyük əksəriyyəti faktiki olaraq yerli icra strukturlarındadır". Qeyd edək ki, bələdiyyələrin fəaliyyətsizliyi və etimadı doğrultmaması məsələsi dəfələrlə müzakirəyə çıxarılıb. Bir müddət əvvəl isə Ədliyyə Nazirliyinin rəsmiləri bələdiyyələrin fəaliyyətində bəzi hüquq pozuntularının xarakterik hal aldığını açıqlayıb. Misal olaraq bunlar göstərilir: satışı qadağan olunan torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi; torpaq sahələrinin qanunsuz icarəyə verilməsi; müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan torpaq ayrılması; hərrac və ya müsabiqədən kənar qanunsuz torpaq satışı; bələdiyyənin maliyyə-təsərrüfat sənədlərinin gizlədilməsi və məhv edilməsi; vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi nəticəsində bələdiyyə büdcəsinə ziyan vurulması; icarə haqqının, vergi və ödənişlərin vaxtında və tam məbləğdə yerli büdcəyə ödənilməsinin təmin edilməməsi; demokratik idarəçilik qaydalarının pozulması. Bələdiyyələrin fəaliyyətinin kəskin şəkildə tənqid edilməsinə baxmayaraq, bəzi yerli özünüidarə qurumlarında problemlər azalmaq bilmir. Şirvan şəhər bələdiyyəsində cərəyan edən qanun pozuntuları və sədr Kürdoğlu Muradovun fəaliyyətindəki nöqsanlar haqqında redaksiyamıza ilginc məlumatlar daxil olub. Dəqiq mənbənin bildirdiyinə görə, sonuncu bələdiyyə seçkilərinin qalibi olan Kürdoğlu Muradov hələ ki, özünü doğrultmağı bacarmayıb: "O əvvəl Şirvan Şəhər İcra Hakimiyyətində şöbə müdiri işləyirdi. Sonradan şəhər rəhbərliyində təmsil olunan şəxslərdən biri ona bələdiyyə sədri postunu təklif etdi. Elə həmin adamın dəstəyi ilə sədr vəzifəsini tutmağı bacardı. Hazırda Şirvan şəhər bələdiyyəsi öz fəaliyyətsizliyi ilə daha çox diqqəti cəlb edir. Kürdoğlu müəllim şəhərin abadlaşması, bələdiyyənin balansındakı ərazilərin təmiz saxlanması və bələdiyyə yollarının təmiri üçün cəhd belə göstərmir. Bələdiyyənin balansında olan yollar və parklar baxımsızlıqdan bərbad hala düşüb. Yerli özünüidarə orqanının büdcəsi kifayət qədər genişdir. Amma sədr bələdiyyənin büdcəsinə yığılan vəsaitlərin yolların, parkların təmirinə, abadlaşmasına sərf olunmasına şərait yaratmır. Bələdiyyə rəhbəri qanunları ayaq altına ataraq qanunsuz torpaq satışı ilə məşğul olur. O sədr seçiləndən sonra ilk işi şəhərin yaxşı yerlərindəki bəzi torpaq sahələrini öz yaxın qohumlarının adına sənədləşdirməsi oldu. Onsuz da Kürdoğlu Muradovun əvvəldən böyük imkanları, şəxsi biznesi var idi. Bələdiyyə sədri seçildikdən sonra biznesini daha da genişləndirməyi bacardı. Onun Şirvanın mərkəzində bir neçə ticarət obyekti var. Deyilənə görə, Bakıda da obyekt tikdirmək qərarına gəlib. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə büdcələrinə, yerli vergilərlə yanaşı, yerli ödənişlərin də ödənilməsi müəyyən olunub. Həmin qanuna əsasən yerli ödənişlərə bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsi və yayımı üçün, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlər daxildir. Şirvan şəhərində sadalanan vergi növlərinin sayəsində bələdiyyənin büdcəsinə külli miqdarda vəsait toplanır. Lakin həmin vəsaitlərin hara və necə xərcləndiyi bilinmir. Bələdiyyədə fəaliyyət göstərən şöbələrin heç biri qarşıya qoyulan işlərin öhdəsindən lazımi səviyyədə gəlməyi bacarmır". Məlumatlı mənbənin sözlərinə görə, bələdiyyənin maliyyə-təsərrüfat sənədləri qaydasında deyil: "Bəzi hallarda sənədlər ya gizlədilir, ya da məhv edilir. Vəzifə səlahiyyətlərindən istifadə edən sədr bələdiyyənin büdcəsinə ziyan vurur. Bundan başqa, icarə haqqının, vergi və ödənişlərin vaxtında və tam məbləğdə yerli büdcəyə ödənilməsi təmin edilmir. Bir sözlə, Kürdoğlu Muradovun gəlişindən sonra Şirvan bələdiyyəsinin fəaliyyəti daha acınacaqlı vəziyyətə düşüb". Məsələyə aydınlıq gətirmək üçün sədrlə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Buna rəğmən, qarşı tərəfin də cavab haqqını tanıyırıq.
İnanmaq istərdik ki, Şirvan Şəhər İcra Hakimiyyətinin və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin direktoru Mehdi Səlimzadə vurğulanan məsələləri araşdırıb sədrin barəsində tədbir görəcək.Gündəlik Bakı