Salyan səhiyyəsi korrupsiya burulğanında

4-07-2015, 13:24           
Salyan səhiyyəsi korrupsiya burulğanında
Səhiyyəmizdəki əskikliklər barədə mediada kifayət qədər yazıların olduğunu hər birimiz bilirik. Elə redaksiyamıza da səhiyyəmizdə baş verənlərlə bağlı dəfələrlə müxtəlif məlumatlar, xəbərlər daxil olub ki, bizlər də etik çərçivədə həmin şikayətləri işıqlandırmağa çalışmışıq. Lakin son bir neçə il ərzində yaşananlara əsasən deyə bilərik ki, bu gün səhiyyəmiz qənaətbəxş durumda deyil.

Belə ki, vətəndaşlar əsasən özəl səhiyyə ocaqlarına nisbətən dövlət xəstəxanlarından şikayət edirlər. Vətəndaşlara normal xidmətin göstərilməməsi isə, burada ilk olaraq vurğulanır. Qeyd edək ki, paytaxt Bakıya nisbətən, bu gün daxil olan şikayətlər sırasında bölgələr də xüsusi yer tutur. Təbii ki, bunu daxil olan şikayətlərə əsasən qeyd etmək mümkündür. Bu gün yenidən səhiyyə mövzusu barədə söhbət açmağımız da əbəs deyil. Redaksiyamıza daxil olan şikayətə əsasən yenidən bu mövzuya toxunmalı olduq. Qeyd edək ki, şikayət, Salyan rayon Ruhi-Əsəb Dispanserindən daxil olub. Şikayətə keçməzdən öncə qeyd edək ki, sözügedən Salyan rayon Ruhi-Əsəb Dispanseri barədə mediada kifayət qədər faktlar, məlumatlar var. Elə bu gün daxil olan şikayət də bir daha göstərmiş olur ki, səhiyyə ocağında vəziyyət heç də yaxşı deyil və deyilənlərdə həqiqət var. Ilk olaraq qeyd edək ki, daxil olan məlumatlarda əhaliyə psixonevroloji, psixoprofilaktik tibbi xidmət göstərmək, psixi qüsuru olan xəstələrin sosial əmək reabilitasiyasını təşkil etməyə borclu olan səhiyyə ocağının baş həkimi Yaşar Kərimovun özbaşına işlərlə məşğul olduğu deyilir. Deyilənə görə, dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə dərmanlar ikiqat bahasına satılır. Belə ki, müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Salyan və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar. Yolu sözügedən səhiyyə ocağından keçənlərin iddiasına görə, Salyan Ruhi-Əsəb Dispanserində heç bir xəstənin pulsuz müalicə və müayinə olunmaq şansı yoxdur. Yeri gəlmişkən qeyd edək ki, xəstəxananın baş həkimi Yaşar Kərimovdur. Daxil olan məlumatlarda o da qeyd olunur ki, səhiyyə ocağında çalışan tibbi personal baş həkim Yaşar Kərimovun qanunsuz fəaliyyətindən beziblər. Belə ki, dispanserdə çalışan həkimlərin əksər hallarda baş həkimin tapşırığı ilə sağlam şəxslərə "dəlilik kağızı" verildiyi də deyilir. Sadəcə olaraq, gərək əlin cibində olsun ki, belə bir sənədə yiyələnəsən. Həmçinin daxil olan məlumatlarda həkimlərin Yaşar Kərimovun tapşırığı əsasında edilən müalicələrin müddətini uzatmağa çalışırlar. Digər tərəfdən, baş həkimin "xəstələri" arasında bu gün "D" kateqoriyalı sürücülük vəsiqəsi ilə paytaxtda sərnişin daşıyan şəxslər də var. Onlar ciblərində nəyinsə müqabilində aldıqları "dəlilik kağızı"nı gəzdirirlər. Amma özləri minlərlə vətəndaşa xidmət göstərirlər. O zaman belə suallar çıxır ortaya. Əgər onlar ruhi xəstədirlərsə, sürücülük vəsiqəsini necə alıblar? Yox, sağlamdırlarsa, o zaman necə "dəlilik kağızı" əldə ediblər? Deyilənə görə, Yaşar Kərimovun bu kimi qanunsuz əməllərinə göz yumulması birmənalı qarşılanmır. Və belə söz-söhbət gəzir ki, onun yuxarılarda dost-tanışı, qohumları olduğu üçün, onlara arxayındır və xəstəxanada istədiyi kimi hərəkət edir, qanunsuzluqlara yol verir. Bir sözlə, sadalananlara, əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, bu gün Salyan Ruhi-Əsəb Dispanserində kifayət qədər araşdırılmalı nüanslar var ki, həllini gözləyir.\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.