Rəsul Quliyevin funksioneri ADAU-da

7-07-2015, 21:54           
Rəsul Quliyevin funksioneri ADAU-da
Artıq bir neçə müddətdir ki, redaksiyamıza Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) fəaliyyətində yer almış neqativ hallarla bağlı məlumatlar təqdim olunmaqdadır. Qeyd etmək lazımdır ki, daxil olan məlumatlarda məhz İbrahim Cəfərovun bu ali təhsil müəssisəsinə rektor təyin olunmasından sonra ADAU-da çeşidli özbaşınalıqların daha da artdığı iddia olunur. Məlum olduğu kimi bu gün ölkənin kənd təsərrüfatı sahəsi üçün ali təhsilli mütəxəssislər hazırlayan yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universiteti səmərəli fəaliyyət göstərə bilmək üçün kifayət qədər geniş bölmələr infrastrukturuna malikdir. Belə ki, hazırda universitetin zəngin maddi-texniki bazası, muzeyi, əsaslı kitabxanası, redaksiya-nəşriyyat şöbəsi, mətbəəsi, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları, təmir emalatxanası, tədris-təcrübə tarlası və s. vardır. Universitetin aqronomluq, aqrotexnologiya, zoobaytarlıq və əmtəəşünaslıq, informasiya texnologiyaları, aqromühəndislik və energetika, iqtisadiyyat fakültələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır: torpaqşünaslıq və aqrokimya, aqronomluq, qida məhsullarının texnologiyası, meşə və meşə ehtiyatlarının bərpası, yerquruluşu və torpaq kadastrı, memarlıq, ekologiya və təbiətdən istifadə, zootexniklik, baytarlıq, əmtəəşünaslıq, aqrar mühəndislik, energetika və enerji maşınqayırması, yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı, maşınqayırma və material emalı, standartlaşdırma və sertifikasiya, ümumi iqtisadiyyat, mühəndis iqtisadiyyatı və idarəetmə, inzibati idarəetmə, informasiya sistemləri, dünya iqtisadiyyatı. Bunu da vurğulamaq lazımdır ki, Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları arasında görkəmli alimlər, dövlət və ictimai xadimlər, parlament deputatları, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vardır. Bununla belə bir çox mənələrin iddiasına görə, bu gün kifayət qədər qədim tarixi olan ali məktəbdə keyfiyyətli təhsil sistemindən əsər-əlamət belə qalmayıb. Bu xüsusda təqdim olunan açıqlamalarda bildirilir ki, universitetdə nizam-intizamın təşkilinə, müəllim-tələbə münasibətinin normal səviyyədə qurulmasına və tədris prosesinin lazımi qaydada təşkil edilməsinə qətiyyən əhəmiyyət verilmir. Universitetdə mövcud olan problemlərin arasında tələbələrin tədrisdən yayınmasını, dərsə davamiyyətin aşağı olmasını və ştatdan kənar işçilərin saxlanmasını göstərmək olar. Aldığımız məlumatlarda bildirilir: “Dövlət Aqrar Universitetində tələbələrin bir hissəsi ənənəvi qayda, yəni fakültə dekanları ilə əldə etdikləri anlaşma əsasında semestr boyu dərsə gəlmirlər. Müəllimlər isə dekanlardan aldıqları göstəriş əsasında “aylığa”, hətta “illiyə” buraxılan tələbələrə jurnalda qaib yazmırlar. Bununla da universitet rəhbərliyinin yol verdiyi qeyri-qanuni əməli ört-basdır etməyə müvəffəq olurlar. Dərsdən yayınma prosesinin kütləvi hal alması universitetdə tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Tələbələr illərini burda boş-boşuna keçirirlər. Universitetin rəhbəri və digər səlahiyyətli şəxslər təhsilin inkişaf etməsi üçün can yandırmırlar. Rektoru təhsildən çox başqa məsələlər maraqlandırır. Bu məsələlərin həllinə isə İbrahim Cəfərov bəzi özünə yaxın şəxslərin, o cümlədən Tədris işləri üzrə prorektor Anar Hətəmovun və Aqrotexnologiya fakültəsinin dekanı Elman Mövsümovun vasitəsilə həyata keçirir...” Yeri gəlmişkən əldə etdiyimiz məlumatlarda dekan Elman Mövsümovun siyasi bağlantılarına dair bəzi maraqlı açıqlamalar da təqdim olunub. Bu xüsusda bildirilir ki, ADAU-ya keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun göstərişi ilə təyinat almış Elman müəllim, bir vaxtlar bu universitetin kafedralarından birinə rəhbərlik edirmiş. Lakin 1999-2003-cü illərdə Elman Mövsümov təhsil ocağından aralanaraq, bir müddət siyasi fəaliyyətlə məşğul olub. Açıqlamaya görə, Elman müəllim həmin dövrdə eks-spiker Rəsul Quliyevin başçılıq etdiyi partiyanın Gəncə təşkilatının rəhbərlərindən biri olub. Və yalnız 2003-cü il prezident seçkilərindən sonra Elman Mövsümov Rəsul Quliyevin partiyasından gedərək bir müddət müəllimlik etmiş, sonrə isə İsmət Abbasovun köməkliyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin aqrotexnologiya fakültəsinin dekanı vəzifəsinə təyin olunmuşdur. İddialara görə, rektor İbrahim Cəfərovun Elman Mövsümovla münasibətləri də məhz İsmət Abbasova görə yaranıb. Digər ərəfdən isə, bəzi mənbələr Elman Mövsümovun bu gün də eks-spikerlə əlaqələrini tam kəsmədiyini və hətta onun İbrahim Cəfərovu Rəsul Quliyevlə yaxınlaşdırmaq məqsədilə bəzi addımlar atdığını da iddia edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.