Qlobal İnnovasiya İndeksində ötən il dünya ölkələri arasında ən aşağı yerləri qazanmışdıq

5-02-2025, 15:44           
Qlobal İnnovasiya İndeksində ötən il dünya ölkələri arasında ən aşağı yerləri qazanmışdıq
Baxıram ki, "İnnovasiya” İşçi qrupunda yenidən toplaşaraq 2024-cü ilin nəticələrini müzakirə ediblər.
Hansı ki, Qlobal İnnovasiya İndeksində ötən il dünya ölkələri arasında ən aşağı yerləri qazanmışdıq.
Xatırladıram ki, hökumətdə bir neçə bu tip işçi qruplar var.
Bu işçi qrup isə “ 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirləri icra etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirmək məqsədilə yaradılan 8 İşçi qrupundan biridir .
Xüsusi bir qrupdur. Ölkədə innovasiya iyi toxunan bütün sahələrin məsul şəxsləri burada təmsil olunur. 60-dək dövlət qurumu təmsil olunur burada.
Hazırda Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov rəhbərlik edir qrupa.
Görəsən vəziyyət necədir sektorda?
Yuxarıda qeyd olunan Strategiyanın İNNOVASİYA ilə əlaqəli bəndlərinə nəzər saldım.
Böyük əksəriyyəti hələlik reallaşmayıb. "Abşeron vadisi", nəhəng klasterlərin yaradılması qalsın bir kənara, hətta ən adi bəndləri yerinə yetirə bilməmişik.
Cəmi 10 bəndlik bir vençur maliyyələşmə ilə bağlı qanun layihəsini qəbul edə bilməmişik. Axtarsan ən azı 3 mərkəzi qurumda bunun layihəsi "yatır" .
Hansısa qısqanclıqlar, mənasız səlahiyyət çəkişmələri hələlik belə bir vacib qanunun qəbuluna imkan verməyib.
Yeri gəlmişkən, baxıram ki, qonşu ölkələrdə onlarla vençur fondlar var, Qazaxıstanda vençur bazarın həcminə heyrətlənməmək mümkün deyil. Bizim isə RİNN tərəfindən güclə, qanunların "yanından keçib" yaradılan bir ala-babat Caucasus Ventures fondumuz vardı, əsas da xarici startaplara cüzi yatırımlar etmişdi, onu da Mərkəzi Bank hesablarını blokladı ki, maliyyələşmə düz getməyib.
Dünyada ən aşağı nəticə əldə etdiyimizdən mənə maraqlı gəlmişdi ki, görən nə danışıblar, nə qərara gəliblər qrupda.
Amma işçi qrupda cari ilin Hesabatı haqqında nə deyilib, nə yazılıb , məlum deyil. Qurum ötən ilki innovasiya nəticələrini necə qiymətləndirib, açıqlanan məlumatda bu haqda da heç nə qeyd olunmayıb.
Hələlik ötən illə bağlı məlum olan budur ki, innovasiya ilə bağlı qlobal indeksdə , 6 pillə də geriləyərək pis yerdən daha pis yerdə, dünya ölkələri arasında ən axırıncı yerlərdə, 95-ci yerdə qərarlaşmışıq.
Potensial imkanlarımıza nəinki uyğun gəlməyən, heç yaxınımızdan belə keçə bilməyən Afrika ölkələri ilə yanaşı düşmüşük bu sıralamada.
İndiyədək bu sektorda belə aşağı göstərici olmayıb.
İnnovasiya və startap ekosistem çox sayda dövlət qurumların səlahiyyət çərçivəsindədir.
Amma bir ümid yeri var ki, sektorda əsas səlahiyyətli quruma, İRİA-ya bu günlərdə yeni rəhbərlik təyin edilib.
Qurumun maliyyə resurslarından istifadə qaydalarını Prezident təsdiqləyib.
Eyni zamanda Beynəlxalq reytinqlərlə bağlı İnnovasiya işçi qrupunda sektorun inkişafına yönəlik konkret tədbirlər nəzərdə tutulub.
Əgər zəruri resurslar ayrılarsa, maraqlı tərəflər cəlb olunsa, yanaşmalar dəyişsə inanıram ki İRİA-nın yeni rəhbərliyi ekosistemin inkişafında ciddi dönüş yarada biləcək.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.