ATABƏYLƏR

Bu gün, 16:54           
ATABƏYLƏR
Türk dilində ata və bəg sözlərinin birləşməsindən yaranan #atabəy Səlcuqlu dövlət sistemində rəsmi titulllardan biri idi. Böyük Səlcuqlu hökmdarı Sultan Məlikşah (1072 1092) dövlət idarəsi işlərini tapşırdığı vəziri Nizamülmülkə atabəy titulu vermişdi. Tədqiqatçılar atabəy titulu alan ilk şəxsin Nizamülmülk olduğunu qeyd edirlər.
Atabəylik qulam sisteminin bir parçası, daha doğrusu onun son mərhələsi hesab olunurdu. Demək olar ki, Səlcuqlu atabəylərinin tamamı qulam sistemindən çıxan əmirlər və komandanlar olublar. Bu səbəbdən atabəylik institutu qulam sisteminə əsaslanırdı. Bir qulamın şahzadənin (vəliəhd dərəcəsində olan və hökmdarın yerinə keçəcək namizədlər) atabəyi elan edilməsində əsas şərtlər əhliyyət (qabiliyyət, bacarıq, istedad) və inam idi. Sultan istedadına və qabiliyyətinə inandığı və sədaqətindən şübhə etmədiyi qulamını oğlunun atabəyi təyin edirdi. Qulamlar ordu sistemində təxminən 20 il xidmət etdikdən sonra əmir rütbəsinə yüksəlir, daha sonra atabəy təyin olunurdular.
Atabəy adı hökmdar ailəsindən olan oğlan uşaqlarının tərbiyəsi ilə maraqlanan şəxslərə verilirdi. Səlcuqlu sultanları imperiyanın sərhəd zonalarındakı bölgələri öz oğlanları və qohumları arasında bölüşdürürdülər. Onlardan kiçik yaşda olanları vasi olaraq bir sərkərdənin nəzarətinə verirdilər. Atabəy adı verilən həmin vasilər bir yandan kiçik şahzadələrə dövlət işlərini, liderlik sirlərini, döyüş qabiliyyətini və dövlət idarəsini öyrədərkən, digər tərəfdən də onun adına həmin əyaləti idarə edirdilər.
Sultanlar özlərinin ən etibarlı sərkərdələrini oğlanlarının vasisi təyin edib, onlara geniş iqtalar (torpaq sahəsi) verdilər. Səlcuqlu şahzadələrinin yaşının kiçik olması onların atabəylərin əlində oyuncağa çevrilməsinə səbəb oldu. Mərkəzi hakimiyyət güclü olduğu zamanlarda atabəylər öz vəzifələrini sədaqətlə icra edirdilər. Amma hər atabəy özünün vasisi olduğu şahzadənin sultan olmasını istəyirdi. Mərkəzi hakimiyyətin zəiflədiyi dövrlərdə atabəylər arasında taxt uğrunda müharibələr qaçılmaz hal aldı. Zamanla sayları artan atabəylərin hər biri Səlcuq ailəsindən bir şahzadənin tərbiyəçisi kimi dövlət üzərində öz təsirini artırdı və faktiki olaraq iqta adı ilə idarə etdikləri torpaqların müstəqil hakimlərinə çevrildilər.
Nizamülmülkdən sonra Böyük Səlcuqlu dövlətində atabəy titulu alan ikinci əmir Gümüş Təgin idi. Sultan Məlikşah onu böyük oğlu Bərkyaruğun atabəyi təyin etmişdi. Böyük Səlcuqlu dövlətində atabəylik institunun qurumlaşması prosesi 1092-ci ildə Sultan Məlikşahın vəfatı ilə sürətləndi. Hakimiyyət uğrunda atabəylər tərəfindən idarə olunan şahzadələrin taxt qovğaları geniş vüsət aldı.
Səlcuqların təsiri ilə atabəylik institutu qıpçaqlar vasitəsilə Gürcüstanda və Bizansda da yarandı. Qıpçaqlar Gürcüstan bölgəsində hökm sürən Abxaz krallıqlarını ələ keçirdikdən sonra qıpçaq əmirləri bu kralalrın atabəyləri olub, dövlətə nəzarət etməyə başladılar. Çıldır bölgəsində ortaya çıxan Qıpçaq Atabəyliyi (1268 - 1578) xristian qıpçaqlar tərəfindən formalaşdırılmışdı.
Atabəylik institutu uzun müddət öz mövqeyini qorudu. Elxanlılar da bu institutu mənimsədilər. Nəticədə bu qurum Əyyubilər, Xarəzmşahlar, Türkiyə Səlcuqları, Osmanlılar, Ağqoyunlular, Səfəvilərdə və digərlərində davam etdi. Səfəvilərdə atabəy adı lələ və ya lələbaşı adı ilə əvəz olunsa da mahiyyəti və forması dəyişməz qaldı. Şah İsmayıla Hüseyn bəy Şamlı və Dədə bəy Zülqədər lələlik (atabəylik) etmişdilər.
Əkbər N.Nəcəf, Aran Atabəyləri. səh 80 - 155












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.