Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 12:28
Çörəyin qiymətindəki dəyişiklik dünya bazarında taxılın qiymətinin artımı ilə əlaqəlidir. Taxıl istehsalçısı ölkələr qiyməti qaldırdıqca, unun da qiyməti qalxır və bu artım taxıl idxalçısı ölkələrə təsirsiz ötüşmür. İqtisadçı Natiq Cəfərli Bakupost.az-a açıqlamasında qeyd edib ki, hazırda dünya bazarında taxılın qiymətində cüzi də olsa, artım müşahidə olunur. Bu səbəbdən dəyirmanlar taxılın yeni qiymətinə görə istehsalın hesablanmasına başlayıblar və buna görə bazara daha az un çıxarırlar. Bu da onu göstərir ki, bir müddət sonra unun qiyməti bahalaşa bilər”. İqtisadçı bildirib ki, bizim xaricdən aldığımız taxıl, yaxud unu yerli taxıla qatmaqla çörək hazırlanır: "Təəssüf ki, Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti o qədər də yüksək deyil. Ona görə də xarici ölkələrdən alınmış taxılla qarışdırılmalıdır ki, hazırlanan çörək keyfiyyətli olsun. Unun qiymətində artım məhz bununla bağlı ola bilər. Azərbaycan özünü təxminən 24-25 faiz taxılla təmin edə bilir. Qalan hissəni xaricdən alırıq. Dünya bazarında taxıl qiymətləri nə qədərdirsə, biz də ondan asılıyıq. 70-75 faiz əmtəəlik buğdanı xaricdən alırıq. Xaricdə hər hansısa qiymət dəyişikliyi olan kimi Azərbaycan bazarlarında da qiymətlərin dəyişməsi baş verir. Son illər taxıl aldığımız üç ölkə - Ukrayna, Rusiya və Qazaxıstan idi. Ukraynadan müharibəyə görə taxıl almaq xeyli çətinləşib. Hətta mümkünsüz hala gəlib. Rusiya isə öz daxili tələbatını ödəmək üçün taxıl ixracı ilə bağlı tez-tez qadağalar qoyur. İndi əsas bazarımız Qazaxıstandır".
Azərbaycanda niyə əmtəəlik taxıl əkilmir ki, idxaldan asılılığımız da azalsın, dünya bazarındakı qiymətlər də biz az təsir etsin?
Problemlə bağlı “Sherg.az"a danışan iqtisadçı-ekspert Rauf Qarayev qeyd etdi ki, dünya bazarında taxılın qiymətində bahalaşma var və bu, müxtəlif amillərlə bağlıdır:
- Amillərdən biri Rusiya-Ukrayna müharibəsidir. Məlumdur ki, Ukrayna ən böyük taxıl ixracatçılarından biri idi, ərazilərində daha çox taxıl əkilirdi. Müharibə isə bu imkanları azaldıb. Bu, indinin məsələsi deyil. Əvvəl də qeyd olunmuşdu ki, əgər Rusiya taxıl verməsə, alternativ olaraq Hindistan və Qazaxıstandan taxılın alınması gündəmdə idi. Sonra qeyd olundu ki, Rusiya ilə razılıq əldə olunub. Qazaxıstan isə bildirmişdi ki, onlar əvəzedici ola bilər, boşluğu doldura bilərlər. Azərbaycan dövləti taxılla bağlı digər ölkələrlə də danışıqlar aparır. Məsələnin digər tərəfi budur ki, buğda əkənlərə müəyyən güzəştlər var. Vergi, gömrük güzəştləri, subsidiyalar baxımından. Amma nəzarətsizlik də var deyə, subsidiyaların verilməsində boşluqlar müşahidə edilir. Subsidiyaların verilməsində müəmmalı məqamlar ortaya çıxır. Bu məsələdə şəffaflıq təmin edilməli, nöqsanlar, çatışmazlıqlar açıq şəkildə göstərilməlidir. Məsələn, müəmmalı məsələlərdən biri budur ki, buğda əkmirlər, amma tanışlıq və ya hər hansı başqa, qeyri-qanuni yolla sənədlərdə taxıl əkini göstərilir, əslində isə tamamilə fərqli məhsul əkilir, yaxud ümumiyyətlə, heç nə əkilmir, amma subsidiya alırlar, guya buğda əkiblər deyə. Bu da qeyri-dəqiq, şişirdilmiş statistik məlumatların ortaya çıxmasına səbəb olur, belə təəssürat yaranır ki, buğda əkilir, taxıl əldə edilir, amma bu, ölkəyə çatmır, ehtiyacları ödəmir. Bu hal planlaşdırmanı da çətinləşdirir. Həqiqətdə bizim nə qədər taxıla ehtiyacımız olduğu, nə qədər buğda əkildiyi və ondan nə qədər taxıl əldə edildiyinə dair real rəqəmlər bilinmir. Ona görə də taxılçılığa nəzarət mexanizmi gücləndirilməlidir. Kimlər ki, bu cür möhtəkirliklə məşğuldur, dövlət qurumları üzə çıxarmalı və həmin şəxslər cəzalanmalıdır. Statistik rəqəmlər real məlumatlara söykənməlidir. Taxılçılığın inkişaf etməməsinin başqa bir səbəbi fermerlərə lazımi dəstəyin göstərilməməsidir. Bu özünü dərman vasitələrinin verilməsində də göstərir, suvarmada da. Fermerlər suvarmada çətinliklə üzləşdiklərinə görə məhsul sıradan çıxır, növbəti mövsümdə o fermer taxıl əkmək istəmir daha. Çünki maliyyə sıxıntıları yaşayır. Məhsul itkisi yaşadığından taxıl becərməkdən əl çəkir, keçir daha gəlirli məhsullar becərməyə, ya da ümumiyyətlə, əkin sahəsini satır, başqa istehsal sahəsinə keçir. Suyun verilməsi, suyun paylanmasında bərabərlik təmin edilsə, çətinliklər ortadan qalxar.
İqtisadçı qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə taxıl sahələri salınmalı və öncə ölkənin taxıl ehtiyacı ödənməlidir, sonra ixrac barədə düşünmək olar:
- Taxılçılıq və taxılla bağlı geniş sahədə, digər bazarlar tapılmalıdır. Başqa ölkələrdə torpaq sahələrinin icarəyə götürülməsi və becərilən məhsulun ölkəyə gətirilməsi təcrübəsindən istifadə etmək olar. Elə ölkələr var, hansı ki əkinəyararlı sahələri uzun müddətə icarəyə verirlər. Bunu bir və ya 2-3 bazardan asılılıq aradan qalxsın deyə etmək olar. İşğaldan azad edilmiş ərazilərdə plasterlər yaradılmalıdır. Bu o deməkdir ki, yetişdirilən məhsul tam şəkildə bazara çatdırılmalıdır. Yəni onun becərilməsindən tutmuş yığımı, komplektləşdirilməsi, hətta konservləşdirilməsi də bir ərazidə aparılmalıdır. Buna kompleks tədarük deyilir. Kiçik sexlər, müəssisələr vasitəsilə bu proses icra edilir. Bu addımlar mütləq atılmalıdır ki, bizim idxaldan asılılığımız minimuma ensin.