Avropa Məhkəməsi “Qış parkı”nın salınması zamanı evləri sökülən sakinlərin hüquqlarının pozulduğuna qərar verib
Bu gün, 15:17
![Avropa Məhkəməsi “Qış parkı”nın salınması zamanı evləri sökülən sakinlərin hüquqlarının pozulduğuna qərar verib](/uploads/posts/2025-02/1738698053_1.jpg)
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) işi üzrə fevralın 4-də elan etdiyi qərarında Azərbaycan hakimiyyətinin şəxsi mülkləri qanunsuz olaraq özgəninkiləşdirdiyini müəyyən edib.
“Salamova və başqaları Azərbaycana qarşı” işi Bakıda “Qış parkı”nın salınması zamanı evləri sökülən 14 vətəndaşın mülkiyyət hüququnun pozulmasına dair şikayətləri ilə bağlı idi.
İşin hallarına əsasən, parkın inşası zamanı ərizəçilərin əmlakları Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının 24 sentyabr 2008-ci il və 11 fevral 2011-ci il tarixli sərəncamları əsasında sökülmüş, sakinlər köçürülmüşdü.
BŞİH sakinlərə əmlaklarının hər kvadrat metri üçün 1500 manat təklif etmiş, ancaq bu ödənişlər müsadirə üçün kompensasiya kimi deyil, alqı-satqı müqaviləsi kimi nəzərdə tutulmuşdu. Sakinlərin əksəriyyəti alqı-satqı müqaviləsini evləri söküldükdən sonra imzalamağa məcbur olduqlarını bildirmişdilər.
Ərizəçilər yerli məhkəmələr qarşısında alqı-satqı müqavilərinin qanunsuzluğundan və kompensiyanın azlığından şikayət etsələr də, məhkəmələr onların şikayətlərini tam və ya qismən rədd etmişdi.
Daha sonra Avropa Məhkəməsinə şikayət edən ərizəçilər ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, səmərəli müdafiə vasitələrinə malik olmaq, fərdi şikayət vermək və mülkiyyət hüquqlarının pozulduğunu iddia ediblər.
Strasburq məhkəməsində ərizəçilərdən Tahirə Salamovanın işini vəkil Samirə Ağayeva, digər 13 ərizəçinin işini isə vəkil İntiqam Əliyev müdafiə edib.
AİHM bu gün açıqladığı qərarında bütün ərizçilərə münasibətə mülkiyyət hüququnun pozuntusunu tanıyıb.
Bundan əlavə, məhkəmə Salamova xaric digər ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 34-cü maddəsi ilə qorunan fərdi şikayət vermək hüququnun pozuntusunu tanıyıb.
Aihmaz.org saytının məlumatına görə ərizəçilər maddi və mənəvi zərərə, xərc və məsrəflərə görə ümumilikdə 10 milyon 263 min manat və 202 min 500 avro tələb ediblər. Hökumət isə iddia edilən məbləğin həddindən artıq olduğunu, ərizəçilər öz iddialarını əsaslandıra bilmədiyini qeyd edib.
Məhkəmə qərarında hələlik təzminatla bağlı qərar verməyə hazır olmadığını bildirib, hökuməti və ərizəçiləri 3 ay ərzində bununla bağlı təkliflərini təqdim etməyə və ya əldə edə biləcəkləri hər hansı razılaşma barədə məlumat verməyə dəvət edib.
Avropa Məhkəməsi yanvarın 14-də oxşar bir işlə bağlı çıxardığı qərarında Azərbaycan hökumətinin ərizəçilərə ümumilikdə 1.7 milyon avro məbləğində təzminat ödəməsinə qərar vermişdi.
Məhkəmənin 2024-cü il üzrə hesabatına əsasən, ötən il Azərbaycanla bağlı qəbul edilən qərarlarda ən çox pozulan hüquqlardan biri mülkiyyət hüququ olub.