Senat komitəsi Robert Kennedi Jr.-un səhiyyə naziri vəzifəsinə namizədliyini təsdiqləyərək, Senata səsverməyə göndərib
Bu gün, 16:38
![Senat komitəsi Robert Kennedi Jr.-un səhiyyə naziri vəzifəsinə namizədliyini təsdiqləyərək, Senata səsverməyə göndərib](/uploads/posts/2025-02/1738698404_1.jpg)
Çərşənbə axşamı günü Senatın Maliyyə Komitəsi daha əvvəl ətraf mühit üzrə hüquqşünas olan, sonra isə mübahisəli ictimai sağlamlıq tənqidçisinə çevrilən Robert F. Kennedi Jr.-un namizədliyini Senatda səsverməyə çıxarılmasına səs verib. Bununla da onun ölkənin ən yüksək səhiyyə rəsmisi olması üçün ilk maneə aradan qaldırılıb.
Komitədəki Respublikaçılar onun namizədliyini tədiqləməyə səs veriblər, Demokratlar isə hamısı əleyhinə çıxıblar.
Onun peyvəndlərin təhlükəsizliyi ilə bağlı şübhələr yaymaq üçün gördüyü işlər və narkotik istehsalçıları ilə bağlı məhkəmə çəkişmələrindən qazanc əldə etmək potensialı ilə bağlı narahatlıqlara baxmayaraq, onun namizədliyi indi bütün Senatda səsverməyə qoyulacaq.
Demokratlar yekdilliklə onun əleyhinə səs versə, Kennedinin 1.7 trilyon dollarlıq Səhiyyə və İnsan Xidmətləri agentliyinə nəzarəti əldə etmək üçün üç Respublikaçıdan başqa hamısının dəstəyinə ehtiyacı olacaq.
Eyni zamanda həkim və Senatın Maliyyə Komitəsinin üzvü olan Luiziana ştatından Respublikaçı senator Bill Kassidi Kennedinin namizədliyinin təsdiqolunma prosesini irəlilətməyin lehinə səs verib. Keçən həftə Kennedinin təsdiq dinləmələri zamanı Kassidi dəfələrlə Kennedini peyvəndlərin autizmə səbəb olması ilə bağlı təkzib edilmiş nəzəriyyəni rədd etməyə çağırsa da, nəticə əldə etməyib. O, dinləməni səs verməkdə "çətinlik çəkdiyini" bildirərək yekunlaşdırıb.
“Sizin əsassız və ya yanıldıcı arqumentlərlə vaksinlərə inama xələl gətirən keçmişiniz məni narahat edir”, Kassidi Kennediyə deyib.
Müvafiq olaraq Meyn, Alaska və Kentukki ştatından Respublikaçı senatorlar Suzan Kollins, Lisa Murkovski və Mitç Makkonnelin onun əleyhinə səs verəcəkləri gözlənilir, çünki onlar Prezident Donald Trampın müdafiə naziri vəzifəsinə namizədinin də əleyhinə səs veriblər və Kennedinin vaksin əleyhinə gördüyü işlərlə bağlı narahatlıqlarını ifadə ediblər.
Bazar günü CBS kanalının "60 Minutes" verilişinə verdiyi mühasibədə Makkonnel Kennedinin nominasiyası ilə bağlı necə səs verəcəyini deməkdən imtina etsə də, “vaksinlərin kritik dərəcədə vacib” olduğunu vurğulayıb.
Bu arada isə Demokratlar Kennedinin səhiyyə naziri vəzifəsinə təsdiq olunduğu halda vaksin qaydalarını dəyişmək və ya vaksin istehsaçılarının federal məhkəmə iddialarına qarşı müdafiələrini zəiflətməkdən maddi qazanc əldə etmək ehtimalı ilə bağlı həyəcan təbili çalmağa davam edir.
Nazir olaraq Kennedi 1,7 trilyon dollarlıq büdcəsi olan agentliyin peyvənd tövsiyələri və ictimai sağlamlıq kampaniyalarına nəzarət edəcək. Agentlik həmçinin qida və xəstəxana yoxlamalarını aparmaq, milyonlarla amerikalını tibbi sığorta ilə təmin etmək və ölümcül xəstəlikləri araşdırmağa cavabdehdir.
Uzun müddət Demokrat olan Kennedi prezidentliyə namizədliyini irəli sürüb, ancaq keçən il Trampın Respublikaçı administrasiyasında nüfuzlu bir iş müqabilində namizədliyini geri çəkərək, Trampa dəstəyini ifadə edib. Onlar birlikdə peyvəndlərə qarşı çıxan mühafizəkarlardan və hökumətin daha sağlam qidaları təşviq etdiyini görmək istəyən liberallardan ibarət yeni və qeyri-adi koalisiya yaradıblar. Tramp və Kennedi bu hərəkatı “Amerikanı yenidən sağlam et” adlandırıblar.