Elman Rüstəmovun müavininin adından istifadə edən filial müdiri... - Yeyinti ittihamı...
10-07-2015, 16:54
Azərbaycanda bank sektorunun inkişaf dinamikası daim diqqət mərkəzində saxlanılır. Düzdür, bu sahədə də müəyyən problemlər mövcuddur və ölkə rəhbərliyi bir neçə dəfə həmin nöqsanları qabardıb. Xatırladaq ki, bir müddət əvvəl prezident İlham Əliyev çıxışı zamanı özəl bankların fəaliyyətindəki problemlərə toxundu, iradlarını bildirdi:
"Dövlət büdcəsindən banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?! Ona görə burada çox ciddi islahatlar aparılmalıdır". Ölkə başçısının tənqidlərindən sonra bəzi kommersiya bankları kredit şərtlərini yumşaltdılar və sahibkarlığın inkişafına dəstək göstərməyə başladılar. Bununla belə, bəzi özəl banklarda süründürməçilik halları, mahiyyəti tam açıqlanmayan maliyyə əməliyyatları və şübhəli pul köçürülməsi halları qalmaqdadır. Bəzi bankların filial müdirləri özlərini elə aparırlar ki, sanki ölkənin bank sektoruna onlar cavabdehdir. Yadınıza düşürsə, qəzetimizin əvvəlki saylarından bir neçəsində "Kapital Bank"ın Sabunçu rayonunda yerləşən 2 saylı filialının keçmiş, "Əmrahbank" ASC-nin Sahil filialının indiki müdiri Rəmiyəddin Məmmədovun iştirakı ilə törədilmiş maliyyə pozuntuları haqda məlumat vermişdik. Qısaca xatırladaq ki, bu şəxs "Kapital Bank"ın 2 saylı filialının müdiri vəzifəsində işləyərkən dəhşətli qanun pozuntularına imza atıb. Törətdiyi özbaşınalıqları günahsız bir şəxsin- bankın kredit şöbəsinin sabiq müdiri Faiq Məmmədovun üzərinə atıb və bununla da özünü Sudan quru çıxarıb. Başqa sözlə desək, Faiq Məmmədov Rəmiyəddin Məmmədovun əməllərinin qurbanı olub. Belə ki, Faiq Məmmədov bankda baş vermiş yeyinti faktına görə 11 il müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb filial müdirinin onun yaxın ailə üzvlərinin adına bankdan külli miqdarda vəsait çıxarması və ödəməməsi olub. Həbs edilən şəxsin atası redaksiyamıza şikayətində bildirmişdi ki, 2008-ci ilin sonunda Rəmiyəddin Məmmədov onlara gələrək banka 200 min manata qədər borcu olduğunu və yoxlama gələcəyi üçün pulun ödənilməsində ona kömək etməsini xahiş edib. Həbs olunan şöbə müdirinin atası bəzi yaxın qohumlarının evini girov qoyaraq filial rəhbərinin bankdan pul çıxarmasına köməklik göstərib. Amma sonda pis vəziyyətdə qalan kredit şöbəsinin müdiri olub. Rəmiyəddin Məmmədovun imzası, yəni onun razılığı ilə bankdan 149 min manat pul ayrılsa da, həmin vəsait yeyilib. Bizdə olan məlumatlara görə, filial rəhbəri bu əməlinin üstünü ört-basdır etmək məqsədilə kredit şöbəsinin müdirini güdaza verərək onun həbsini təşkil edib. Nəhayətdə, kredit şöbəsinin müdirinin barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb. Faiq Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edildiyi təqdirdə bütün bu cinayətlərdə iştirakı, daha doğrusu günahı olan bank müdiri isə məsuliyyətdən kənarda qalmağı bacarıb. Onunla yanaşı, "Kapital Bank"ın 2 saylı filialının digər iki keçmiş əməkdaşı- Tural və İlmara adlı şəxslər də cinayət məsuliyyətindən kənarda qala biliblər. Məlumat üçün bildirək ki, sözügedən şəxslər hazırda "Əmrahbank"ın Sahil filalında mühüm vəzifədə işləyirlər. Heç bir günahı olmayan Faiq Məmmədov isə türmədə belə demək mümkünsə çürüyür.
Bu, "Əmrahbank"ın Sahil filialının rəhbərinin törətdiyi birinci belə özbaşınalıq deyil. Belə ki, onun "Kapital Bank"da işlədiyi vaxtlarda xalası oğlu Qurban Bəhmənov və qohumu Zöhrab Həsənovun da evlərini girov qoyaraq əvəzində külli miqdarda pul götürdüyü haqda məlumatlar var. Bildirilir ki, həmin şəxslər də Faiq Məmmədovun aqibətini yaşayıblar. Filial müdiri bu dəfə öz qohumlarını "rasxod"a verməklə həbs təhlükəsindən canını qurtarıb. Maraqlıdır, görəsən adı 600 000 min manatlıq yeyintidə və müxtəlif şəxslərin həbsinin sifarişində çəkilən filial müdiri niyə bu günə kimi həbs edilməyib? Axı onun törətdiyi qanunsuzluqlar faktlarla sübut olunub. Bir halda ki, belədir, bəs, aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri bu qədər fakt-sübut ola-ola nəyi gözləyirlər? Bəlkə, filial müdirinin həbsinə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun birinci müavini Alim Quliyev imkan vermir? Biz demirik ki, Rəmiyəddin Məmmədovun himayədarı Alim müəllimdir. Filial müdiri özü harda oturursa Alim Quliyevin adını çəkir və sinəsinə döyə-döyə onun tərəfindən müdafiə olunduğunu bildirir. Mərkəzi Bankın İdarə Heyətinin sədrinin birinci müavinindən bu məsələ ilə bağlı açıqlama gözləyirik. Hörmətli Alim müəllim buyursun danışsın görək bəlkə heç belə bir adamı tanımır.\\gundelik-baku.com