Rizvan Vahabov imicini özü zərbə altında qoyub...
16-07-2015, 16:52
Redaksiyamıza Zaqatala rayonunun Muxax kənd sakini Murtuzəli Atayevin imzası ilə daha bir məktub daxil olub. Murtuzəli bəy öz məktubunda qəzetimizin yaxın saylarında dəc edilmiş "R Vahabov: Tamahın inkubasiya dövrü" sərlövhəli məqaləyə münasibətini bildirib. Sabiq Komitə sədri Rizvan Vahabovla bağlı qəzetimizin səhifələrində dərc edilən yazılara münasibətini açıq şəkildə bildirən Murtuzəli bəyə bəri başdan təşəkkürümüzü bildiririk. Hörmətli oxucunun məktubunda toxunduğu məsələlərlə bağlı bizimlə paylaşdığı fikirlərində onun səmimiyyətinə inandığımızı qeyd edirik. Rizvan Vahabovun MM seçkilərinə qatılmasını böyük qəhrəmanlıq kimi qiymətləndirən Murtuzəli Atayev haqlı olaraq yazır ki, "Azərbaycanda vəzifə tutan YAP-ın üzvü partiyanın razılığı olmadan belə müstəqil addım ata bilməzdi". Bu fikirlə biz də razıyıq. Rizvan Vahabovun seçkilərə qatılmasının, lakin deputat seçilə bilməməsinin səbəblərini ölkəmizin seçki qanunlarının pozulmasında deyil, sadəcə, Rizvan müəllimin yetərli səs toplaya bilməməsində görürük. Murtuzəli bəy 50-yə yaxın vətəndaşın imzalayıb göndərdiyi məktubu "zəhmətkeş məktubları" adlandırmağımızı mədəniyyətsizlik kimi qiymətləndirir. Ardınca hamımızı zəhmətkeş adlandırır. Bəli, Murtuzəli bəy, siz də, biz də zəhmətkeş adamlarıq. Bir tikə çörək üçün günlərlə bəzən qan-tər tökməli oluruq. Çox gözəl qanunları olan müstəqil dövlətimizin əməksevər insanları bəzən elə olur ki, özləri də bilməyərəkdən oliqarx maraqlarının əsirinə çevrilir. Rizvan Vahabovun əməllərinə belə loyallıq bizləri də çox düşündürür. Ola bilsin, hörmətli məktub müəllifləri sabiq nazirin Azərbaycan müstəvisində yol verdiyi maxinasiyalardan xəbərsizdirlər. Bu maxinasiyaların tam mənzərəsi ilə bağlı məlumatlar Rizvan Vahabovun tərəfdarları tərəfindən əgər saxta və tendensioz qiymətləndirilirsə, daha buna sözümüz yoxdur. Zaqataladan aldığımız məktubları görəsən, "oliqarx maraqlarına işləyən məktublar" kimi qələmə versəydik necə, Murtuzəli bəy ünvanımıza hansı "epiteti" layiq biləcəkdi? Bir tərəfdən də, Zaqatala sakininin Rizvan Vahabovu belə ciddi-cəhdlə müdafiəyə qalxmasını təbii sayırıq. Çünki, oxucunun da bildirdiyi kimi, Rizvan müəllim Zaqatalanın fəxri vətəndaşı kimi bu dəstəyə layiq görülüb. Murtuzəli müəllim daim ictimaiyyət arasında olan, yerli əhalinin hörmət və nüfuzunu qazanmış bir ziyalı kimi Rizvan Vahabova inanın, müvəqqəti də olsa lazımdır. Çünki, Zaqatala kimi ölkəmizin hər cəhətdən zəngin bir bölgəsində belə insanlarımızın hər sözünün öz mizan-tərəzisi var. Murtuzəli Atayev kimi sözün çəkisini bilən xiridarlarımıza isə toylarda, el şənliklərində həmişə tələbat olur. Etiraf edim ki, hörmətli Murtuzəli bəyin Zaqatalada bu dərəcədə sevilən insan, ziyalı olduğunu bilmirdim. Onun iştirakı ilə təşkil olunmuş söz məclislərində, bu şəxsin irfan sahibi olduğuna şübhəm qalmadı. Murtuzəli bəyin həzin, şirinvə səlis dilindən səslənən şeirlərimizin özəl cazibəsi var. Belə bir insanın Rizvan Vahabovun qeyd-şərtsiz müdafiəsinə qalxması mənə təəccüblü gəldi. Həm də ona görə təəccübləndim ki, Murtuzəli Atayev kimi həssas bir ziyalı insan Rizvan Vahabobun əlindən zinhara gəlmiş 7 vətəndaşın xeyrinə söz danışmaq belə istəmir.Axı bu vətəndaşlarımızın qanunlarımızla qorunan hüquqları var! Sabiq nazir, YAP Siyasi Şurasında uzun illərdir təmsil olunan bu şəxs öz biznesinin hayına qaldıqca, nədənsə tamahının sınırlarını müəyyənləşdirməkdə əziyyət çəkməyə başlayır. Rizvan Vahabov kimi nüfuzlu insanlarımız öz şəxsi imicinin qeydinə qalmalı, cəmiyyət arasında nüfuz qırıqlığına səbəb ola biləcək gəlişmələrə yol verməməli idilər. Bunun əvəzində isə nəzərlərimizdə sadə insanları neçə illərdir ki, incidən, əziyyətə salan, dövlət tərəfindən sənədləşdirilimiş əmlakını əlindən almağa hər vəhclə çalışan bir əda sahibi canlanır. Rizvan Vahabov imkansız, çox çətinliklə dolanan bir vətəndaş olsaydı, onun qarşı tərəfə müxtəlif vasitələrlə sərglədiyi təhdidlər bəlkə də diqqəti cəlb etməzdi. Lakin Rizvan müəllim ölkə miqyasında kifayət qədər tanınmış bir insan kimi konkret əməlləri ilə öz imicini özünə qarşı qoyub. Bunun acı nəticəsini də bir müddət mənən də olsa çəkməli olacaq. Murtuzəli bəy yəqin bilməmiş deyil, Rizvan Vahabovla bağlı 7 nəfərin əmlak mübahisəsi artıq neçə illərdir ki, mətbuatımızın gündəmində ara-sıra fasilələrlə yer alır. Sual olunur, doğrudanmı sabiq nazir onun düşündüyü kimi olmağımızı gözləməkdə səmimidir? Bax, Murtuzəli müəllim, məsələ də elə bundadır. "Gündəlik Bakı" olaraq bizə üz tutub hüquqi-mənəvi yardım istəyənlərin yanındayıq.
Sabiq Komitə sədrinin Rəsul Quliyevlə sıx əlaqələrini bu gün heç Rizvan müəllim də inkar edə bilməz. O da inkar edilməz ki, hələ ötən əsrin 90-cı illərində Azərbaycandan Ermənistana gizli yollarla neft daşınması ilə bağlı məlumatlar mətbuatın uzun müddət gündəmində olub. Qəzetin vəzifəsi həmin məlumatları geniş ictimaiyyətə çatdırmaq olub. Bunu da mətbuat əhli həyata keçirib. Həmin məlumatların yoxlanılaraq araşdırılması isə müvafiq dövlət strukturlarının kurasiyasına aid olan məsələ kimi səlahiyyətimiz xaricindədir. Bu baxımdan Rizvan Vahabovun dövründə mətbuatda yayılmış belə məlumatlarda qəzəblənməyin yeri yoxdur. Hörmətli sabiq nazirin seçkilərdə seçicilərin etimadını qazana bilməməsi də bizim günahımız deyil.Murtuzəli müəllim, artıq neçənci dəfədir ki, Rizvan Vahabovu müdafiə etdiyi halda, bəzən qəzəblə, bəzən də səbirli zəhmlə ünvanımıza xoşagəlməz ifadələr işlədir. Bu cür münasibət bizim üçün qəbuledilməzdir. Zəhmət çəkib heç olmasa bircə dəfə də Rizvan Vahabovdan soruşun ki, ay ağsaqqal, bəlkə səndən şikayət edənlər də (sənin kimi) haqlıdır? Təkrar edirik, Rizvan Vahabovun məhkəmə instansiyalarında əldən saldığı vətəndaşlarla bir masa arxasında oturub mübahisəli məsələləri həll etmək imkanı həmişə var və olubdursa, nəyə görə həmin imkandan yararlanmaq istəmir? Yəni, qayınana amili bunu da inkar edir? Zaqatalalıları bu mübahisələrə cəlb etmək əvəzinə şikayətçi tərəflə bir masa arxasında oturub vahid mövqe anlaşmasına gəlmək pis olmazdı. Murtuzəli Atayevin isə yazdıqlarımıza münasibətinin dərc edilməsini bizdən tələb etməsinə gəlincə, onu demək istəyirik ki, bu münasibət istisnasız olaraq Rizvan Vahabovun sərgilədiyi məlum mövqeyi təkrarladığı üçün oxucuya bir o qədər maraqlı görünmür. Biz demirik ki, həmin məktubları Rizvan Vahabov yazdırır. Bunu Murtuzəli müəllim onsuz da qəti şəkildə inkar edir. Biz heç onu da demirik ki, Rizvan müəllim qardaşından da heç nəyi xahiş eləməz. Əslinə qalsa, qardaş elə qardaşdır. Ondan hərdən-bir nəyisə xahiş eləmək lzaımdır, bir müsəlman, bir azərbaycanlı kimi...
Sonda düşünürük ki, redaksiyamızı ədalətli və təmiz olmağa səsləyən Murtuzəli müəllim bizim də mövqemizə hörmət və sayqı ilə yanaşacaq. Yeri gəlmişkən, Murtuzəli müəllimdən özəl bir xahişimiz var. Zəhmət olmasa, ünvanımıza yolladığı "Təmizlik" şeirinin kim tərəfindən qələmə alındığını bizlərə aydınlaşdırsın.