Goranboyun icra başçısından şok şikayət iş adamı həbsdən məktub yazdı

16-07-2015, 23:48           
Goranboyun icra başçısından şok şikayət iş adamı həbsdən məktub yazdı
Hal hazırda həbsdə olan iş adamı Müqayis Verdiyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ünvanlayıb. JAM.AZ-a vəkili vasitəsi ilə göndərdiyi müraciətində Verdiyev vurğulayıb ki, o, ikinci dəfədir sözügedən quruma durumun ciddiyyətini çatdırmağa çalışır.

O qeyd edir ki, Goranboy rayonunda aparılan abadlıq və quruculuq işlərində keçirilən tenderlərdə qalib gəlmiş “Fəqan xidmət təşkilatı” MMC yetərli qədər qanunsuz fəaliyyətlə məşğul olub. «Nəzərinizə catdırıram ki, 2012-ci ilin mart ayında Goraboy rayonunda abadılq işləri aparılması üçün dövlət büdcəsindən 2.000.000 manat pul ayrılmış, tender keçirilmiş və həmin tenderin qalibi kimi «Fəqan» firması olmuşdur. Belə ki, 28.03.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”ilə, Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 272 547 (iki yüz yetmiş iki min beş yüz qırx yeddi) manat məbləğində tenderi qəbul edilmişdir.

Bundan sonra 21.05.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”ilə, Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 1 352 704,79 manat (bir milyon üç yüz əlli iki min yeddi yüz dörd manat yetmiş doqquz qəpik) məbləğində tenderi qəbul edilmişdir.

Daha sonra 25.12.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” ilə, Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 105 000 (yüz beş min) manat məbləğində tenderi qəbul edilmişdir.

Göründüyü kimi Goranboy rayonunda abalıq və quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində “Fəqan xidmət təşkilatı” MMC-nə qısa müddət ərzində 2.000.000 manata yaxın vəsait ayrılmışdır».

İş adamı vurğulayır ki, ilk anlamda belə hesab etmək olar ki, bu tenderi udmuş şirkət, böyük bir təşkilatdır. Onun sözlərinə görə, həmin «şirkət»nin cəmi iki işçisi, yəni müdüri və buxqalteri var. «Bu işlər aparılan müddətdə “Fəqan xidmət təşkilatı” MMC, bir nəfər olsun belə istər fəhlə, istər usta ilə əmək müqaviləsi bağlamayıb. Yəni işlərin aparıldığı dövürdə həmin təşkilatın işçi qüvvəsi olmayıb. Bundan başqa MMC-nin balansında hər hansı tikinti və abadlıq işlərinin görülməsi üçün avadanlıqlar və nəqliyyat vasitələri də mövcud deyil».

Verdiyev nəzərə çatdırır ki, “Fəqan xidmət təşkilatı” MMC heç kəslə subpodrat müqaviləsi də bağlamayıb. «Bir necə sözdə mən Mingəcevir şəhər sakini “Fəqan Xidmət Təşkilatı” MMC-nin rəhbəri Məmmədov Fəyyaz Məmməd oğlu barəsində demək istərdim. Belə ki, onun şəxsiyətinə nəzər yetirilsə məlum olur ki, o, əvvəllər bir necə dəfə CM-nin 179, 178-ci maddələri ilə məhkum olunub və uzunmüddətli azadlıqdan məhrum edilib. Belə bir adamın özünün bu böyük lahiyəyə rəhbərlik etməsi ən azından başa düşülməzdir».

Həbsdəki iş adamından "bandotdel"ə müdhiş müraciət

Həbsdəki iş adamı Gəncə Ağır Cinayətlərə Dair Məhkəməsində ortaya çıxmış maraqlı faktları da diqqət mərkəzinə çatdırıb. O qeyd edib ki, Fəyyaz Məmmədovun məhkəmə tərəfindən telefon danışıqları araşdırılarkən məlum olub ki, o, 2012-ci ilin noyabr ayından 2013-cü ilin mart ayınadək, yəni 5 aydan artıq bir müddətdə cəmi 12 dəfə, o da hər dəfə cəmi 20-30 dəqiqə Goranboy rayonunda olub. Nəzərə alsaq ki, Fəyyaz Məmmədovun rəhbərlik etdiyi «Fəqan Xidmət Təşkilatı» MMC, Goranboy rayonunda abadlıq işləri aparmaq üçün 2.000.000 manatlıq tenderi udub, o zaman Fəyyaz Məmmədov gecə-gündüz Goranboy rayonunda olmalıydı və işlərə rəhbərlik etməliydi. Onun isə cəmi 5 ay ərzində özü də cəmi hər dəfə 20-30 dəqiqə Goranboy rayonunda olması onun əyani sübutudur ki, Fəyyaz Məmmədovun bu görülən işlərlə bağlı heç bir əlaqəsi olmayıb, yəni o qondarma bir şəxs olub».

Müqayis Verdiyev digər bir maraqlı məqama toxunub. O qeyd edir ki, «Fəqan Xidmət Təşkilatı» MMC-nin tenderlə bağlı aparılan işlərin sənədləşdirilməsini məhv edib. Belə ki, Məmmədov Fəyyaz Məmməd oğlu adı çəkilən sənədləri arxivə vermək adı ilə məhv ediö və bütün sübutları gizlədib.

İş adamı MCQMİ-nin rəhbərliyinə etdiyi müraciətində bəzi suallara cavab tapılmasının zəruri olduğunu bildirir. O bütün hallarda həmin suallara cavab verildikdən sonra ədalətin üzə çıxacağına əmindir. «Əvvəla, “Fəqan xidmət təşkilatı” MMC 2012-2013-cü illər ərzində olan dövürdə fəaliyyət göstərmişdimi? Əgər fəaliyyət göstərmişdirsə hansı fəaliyyət növü ilə məşğul olmuşdu? Həmin dövürdə onların işçi qüvvəsinin tərkibi neçə olub? MMC-nin balansında hər hansı tikinti və abadlıq işlərinin görülməsi üçün avadanlıqlar və nəqliyyat vasitələri mövcuddurmu? Eyni zamanda, işçi qüvvəsinin tərkibi, balansında olan avadanlıqlar və nəqliyyat vasitələri görməli olduğu xidmətləri həyata keçirməyə uyğundurmu? Qeyd edilən dövürdə MMC-nin ümumi gəliri nə qədər olmuşdur və nə qədər vergi ödəyib? Ayrı-ayrı təşkilatlarla debitor və kreditor borcları hansı vəziyyətdə olüb?»

Müqayis Verdiyev sonda bildirib ki, onun müraciət etməsinə səbəb bir neçə gün əvvəl etdiyi çıxışı səbəb olub. «Möhtərəm Prezidentimiz öz çıxışında sahibkarlara yardım edilməsini, onların sıxışdırılmamasını, cəza kəsilməməsini tələb edib. Mən də Azərbaycana xidmət etmiş sahibkarlardan biriyəm. Və bu illər ərzində xeyli sayda işlər görmüşəm. Lakin bəzi adamları Prezidentimizin iradəsinə qarşı çıxaraq, bizim kimi millətə, dövlətə xidmət edən iş adamlarını pula, sərvətə görə həbsə atdırır. Ona görə də, müraciətimdə «Fəqan Xidmət» MMC-nin yoxlanılmasını, araşdırılmasını xahiş edirəm. Əminəm ki, siz dövlət qurumu olaraq ədaləti bərpa edəcək və bu vəsiləylə mənim həbsdən çıxmağıma yardımçı olacaqsınız».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.