Tariyel Ağayevin adı “Parabank” olaylarında - Məşhur Vüsal Şilder qətli və Fərhad Abbasovun "intiharı" nın oxşar cəhətləri
17-07-2015, 11:08
Ötən saylarımızda “Parabank”dakı intihar və həbslə bağlı sensasion yazılar dərc edilib. Sumqayıt sakini Vəzihə Cəbrayılovanın məktubuna əsasən hazırlanan yazılarda “Parabank”da “Kia Motors Az” MMC-nin hesabatlarda yer almayan vəsaitlərinin saxlanıldığı haqda xəbərlər yer alırdı. Məktub müəllifi prezidentə müraciətlə bildirirdi ki, nəvəsi Ülvi Kazımov 2010-cu ilin sentyabrından 2012-ci ilin oktyabrınadək “Parabank” ASC-nin “Nəsimi” filialında xəzinədar vəzifəsində işləyib.
Filialda işə başladığı gündən filialın xəzinəsinin bunkerində banka məxsus qanuni pul vəsaitləri ilə yanaşı, “Kia Motors Az” MMC-yə məxsus bankın mühasibat uçotuna daxil edilməyən, dövlətdən gizlədilmiş 35-40 milyon manat gizli yolla saxlanılıb. V.Cəbrayılova gizli pul saxlanılmasında MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun olduğunu, onun etibarlı şəxsi Fərhad Abbasovun həmin məbləğin 1 milyon manata yaxınını gizli yolla götürərək xərclədiyini iddia edirdi. V.Cəbrayılova ad çəkməsə də, bu işin arxasında yüksək çinli məmurun dayandığına məktubunda bir neçə yerdə işarə vururdu.
“Yeni Müsavat”a daxil olan məlumatda iddia olunur ki, “Kia Motors Az” MMC-nin gizli himayəçisi Tariyel Ağayevdir. Vaxtilə mərhum eks-prezident Heydər Əliyevin köməkçisi olmuş T.Ağayev hazırda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi vəzifəsində çalışır. Onun adı bundan əvvəl də qətl işində keçib. 2013-cü il mayın 2-də Qərb Universitetinin II kurs tələbəsi, Almaniya vətəndaşı, milliyyətcə azərbaycanlı Vüsal Şilder Bakıda küçənin ortasında qətlə yetirildi. Əvvəlcə adi bıçaqlanma işi kimi təqdim olunan bu işin arxasından sonradan T.Ağayevin adı çıxdı.
“Kia Motors Az”ın arxasında dayanan məmurun kimliyi bilindi
Vüsal Şilder
Məlum oldu ki, öldürülən V.Şilder məmurun qızını sevib, öldürülməsinə yol açan da bu olub. Digər əsas faktlardan biri də cinayətin təşkilatçılarından biri kimi adı hallanan, hazırda Dubayda biznes fəaliyyəti ilə məşğul olan Xəyal Əlizadənin Tariyel Ağayevin kürəkəni olmasıdır. Daxili İşlər Nazirliyi yaydığı açıqlamada Xəyal Əlizadənin İnterpol axtarışına verildiyini və Birləşmiş Ərəb Əmirliyində saxlanıldığını təsdiqləyib. Lakin onu Bakıya gətirə bilmədilər. İşi ailə-məişət zəminində baş verən cinayət hadisəsi kimi yekunlaşdırıb Şabran rayon sakini, əvvəllər iki dəfə məhkum olunmuş Elman İsgəndərovu, Ağdaş rayon sakini Rüfət Zakirovu, həmçinin Abşeron rayon sakini Seymur Talıbovu məhkəmə qarşısına çıxardılar.
“Kia Motors” MMC-nin işində də oxşar cəhət var. Pul yoxa çıxıb və məsələnin üstü açılandan sonra F.Abbasov özünə 8(?) bıçaq vurmaqla intihar edib! İnanılmazdır, amma işin istintaqını aparan müstəntiqlər buna inanıblar...
“Kia Motors Az”ın arxasında dayanan məmurun kimliyi bilindi
Qeyd edək ki, V.Cəbrayılovanın müraciətindən sonra “Kia Motors Az” bu məlumatları təkzib edən rəsmi açıqlama yaysa da, məsələ səngiməyib. Aznews.az saytı yazır ki, “Kia Motors Az” dövlətdən 40 milyona yaxın pul gizlədib və pullar “Parabank”ın “Nəsimi” filialında qeyri-qanuni şəkildə saxlanılıb. Bir neçə il davam edən bu proses pulun 1 milyona yaxın hissəsinin yoxa çıxmasından və “Kia Motors AZ” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı - Fərhad Abbasovun 2012-ci ilin yayında müəmmalı şəkildə ölümündən sonra ifşa olunub. Fərhad Abbasovun ölümü ilə bağlı Binəqədi rayonunda 2012-ci ildə başladılan və sonradan bağlanan cinayət işi olub. Hazırda Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emin Nəsibov tərəfindən yenidən araşdırılan bu cinayət işinin materiallarında bir çox məqamlar ortaya çıxıb. İlk növbədə Fərhad Abbasovun guya özünə 8 bıçaq zərbəsi vurması versiyasının kifayət qədər şübhəli olduğu, çox güman ki, onun özünə qəsd etmədiyi, kim və ya kimlərsə tərəfindən qətlə yetirildiyi məsələsi gündəmə gəlib.
Məsələ ilə bağlı dindirilən şahidlərin ifadələri isə Fərhad Abbasovun öldürülməsi şübhəsini qətiləşdirir. Belə ki, bankda yoxa çıxan 1 milyona yaxın pula görə həbsə alınan “Parabank”ın “Nəsimi” filialının xəzinədarı olmuş Ülvi Elçin oğlu Kazımovun məsələ ilə bağlı ifadəsi maraqlıdır. O bildirir ki, Fərhad Abbasov ölümündən əvvəl Səxavət Səfərovun onu hədələdiyini, öldürəcəyini deyirmiş.
Eyni zamanda S.Səfərovun oğlu Əşrəf Səfərov tərəfindən təhdidlərə məruz qaldığını bildirirmiş. Ülvinin ifadəsinə görə, mərhum hadisədən bir neçə gün əvvəl S.Səfərov tərəfindən harasa çağırılıb və ona son dəfə xəbərdarlıq edildiyini bildirib. Bundan başqa, məlum olub ki, S.Səfərovun oğlu Əşrəf Səfərov 10-a yaxın idmançı görkəmli şəxslə onu “söhbətə” çağırıb və döyüblər. Yeri gəlmişkən, “Parabank”ın “Nəsimi” filialına faktiki rəhbərlik edən Ə.Səfərov kriminala yaxın şəxs hesab edilir. O, xoşu gəlməyən adamlarla özünün qoçu dəstəsi ilə haqq-hesab çəkməyi xoşlayır.
Mövzuya qayıdacağıq.