İcra başçısı Zaqatala rayonunun turizm biznesini tam nəzarətə götürüb

27-07-2015, 18:09           
İcra başçısı Zaqatala rayonunun turizm biznesini tam nəzarətə götürüb
Ölkənin ən zəngin turizm imkanlarına malik olan rayonlarından biri də Zaqataladır. Lakin son illər adıçəkilən rayonda bir sıra sahələrdə ciddi geriləmə müşahidə olunmaqdadır. Sakinlər iddia edirlər ki, vəziyyətin bu həddə çatmasının əsas səbəbkarı məhz Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir. İcra başçısının əslən Qax rayonunun Qaxmuğal kəndindən olduğunu vurğulayan məlumatlı şəxs isə bildirir ki, Mübariz Əhmədzadəyə karyera qurmasında qardaşı, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin əvəzsiz yardımı olub.

Əldə etdiyimiz bilgilərə görə, əmək fəaliyyətinə 1970-ci ildə Zaqatala maşın-melorasiya stansiyasında sahə mühəndisi kimi başlayan Mübariz Əhmədzadə 1976-1979-cu illərdə Qax rayon Yol İstehsalat Dairəsində rəis, 1979-1984-cü illərdə Qax rayon Təsərrüfatlararası Tikinti İdarəsində rəis, 1985-1989-cu illərdə Qax rayonundakı 94 ¹-li səyyar mexanikləşdirilmiş dəstənin rəisi, 1989-2007-ci illərdə Qax "Avtonəqliyyat" müəssisəsinin rəhbəri vəzifəsində çalışıb. Mübariz Əhmədzadənin 2007-ci ildən 2009-cu ilədək Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, uzun müddətdir ki, Qax rayonundakı əksər turizm obyektləri, gəlirli biznes strukturları Əhməd Əhmədzadənin nəzarəti altındadır: "Belə ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri rayonda tikilən obyektlərlə mütəmadi maraqlanır və qardaşı vasitəsi ilə müəyyən göstərişlərini lazımiünvanlara çatdırır. Bölgə əhalisinə yaxşı bəllidir ki, Mübariz Əhmədzadə, eləcə də onunla eyni soyadı daşıyan şəxslər Qax, Zaqatala və Balakən rayonlarında müxtəlif turizm obyektlərinə, otellərə, restoranlara sahibdirlər. Deyilənlərə görə, Qax, Zaqatala və Balakən rayonlarındakı bütün biznes sahələri, obyektlər, otellər və tikilməkdə olan mağazalar Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin sahibi olduğu "Uluyurd" MMC şirkətinin nəzdindədir. Konkret Mübariz Əhmədzadəyə gəlincə, qeyd etmək lazımdır ki, o, Zaqatala rayonunun turizm biznesini tamamilə nəzarətə götürüb və bu sahədə başqa bir kimsənin fəaliyyətinə qətiyyən imkan vermir. Belə ki, rayonda iri hotel-restoran şəbəkəsi yaratmağa nail olan icra başçısı Zaqatalanın demək olar ki, bütün ərazisində bu sahədə xidmətlərin inhisarçısına çevrilib. Bir sözlə, bu gün Zaqatalada fəaliyyət göstərən əksər kafe və restoranlar, hotellər, istirahət mərkəzləri, hətta təbii istirahət zonaları, meşə və çaykənarı ərazilər də məhz icra başçısına məxsusdur. Nəticədə isə Zaqatalada iş adamlarına bu sahəyə sərmayələr yatırmağa imkan verilmir, rayonun sosial-iqtisadi inkişafına süni maneçilik törədilir".

Zaqatala sakinlərinin ciddi problemlərinin olduğunu və onların hələ də həll olunmadığını qeyd edən mənbə iddia edir ki, rayonda "regionların sosial iqtisadi inkişafı" proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsi təyinatdankənar xərclərə sərf olunur: "Məsələn, bir müddət əvvəl şəhərdə evlərin divarlarına çay daşından üzlük çəkilirdi. Həmin divarlara vurulan üzlük daşlarının haradan və neçəyə gətirilməsi isə olduqca maraqlı təfərrüatlara malik olan bir prosesdir. Belə ki, büdcədən 1 kvadratmetr çay daşı üçün 50 manat civarında pul icra başçısına yaxınlığı ilə seçilən şirkətlərə köçürülür. Halbuki həmin çay daşı Əhmədzadə qardaşlarının böyük biznesinin yerləşdiyi Qax şəhəri, İlisu kəndi ərazisində şəlalə ətrafındakı qayalardan hazırlanır. Həmin ərazidə Mübariz Əhmədzadə kənd əhalisindən bir neçə nəfəri günlük 10 manat müqabilində işlədir və hər bir işçi qazanacağı 10 manat üçün 50 kvadratmetr çay daşı hazırlamalıdır. Sonra bu daşlar Zaqatala şəhərinə daşınır və burda şəhərin divarlarını bəzəyir".

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin Qax rayonunun İlisu kəndində nəhəng, əzəmətli villasının olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, dəyəri milyonlarla ölçülən həmin villa kəndin ən mənzərəli yerində inşa edilib: "Kənd sakinləri bildirirlər ki, icra başçısı yay aylarında bu villada yaşayır. İlisudakı karyerləri işlədən Zaqatalanın icra başçısı bu kənddə demək olar ki, sevilmir. Çünki gündə 12 saat müddətində karyerdə kənd sakinlərini çalışdıran Mübariz Əhmədzadə onlara qəpik-quruş verir. Sakinlərin sözlərinə görə, icra başçısının 62 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobili əksər vaxtlarda villanın qarşısında dayanır. Villanın qonaqlarının çox olduğunu və daima bu villanın qapısının qarşısında bahalı avtomobillərin dayandığını qeyd edən kənd sakinləri qeyd edirlər ki, villanı qoruyan itlər xüsusi olaraq Almaniyadan gətirilib".

Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, hər il Zaqatalada yolların saxlanılmasına və təmirinə külli miqdarda vəsait ayrılsa da, rayon yolları sakinlərin ən böyük probleminə çevrilib. Belə ki, mənbənin sözlərinə görə, yolların təmirinə ayrılan vəsaitlərin bir hissəsi icra başçsı Mübariz Əhmədzadə və 17 saylı Yol İstismar İdarəsinin müdiri Mövlud Qəhrəmanov tərəfindən tamam başqa istiqamətlərə yönləndirilir: "Görülən işlər isə əsasən kosmetik xarakterli olur. Bundan başqa, rayon rəhbərliyi büdcə təşkilatlarına ayrılan vəsaitlərin nəğd şəkildə idarə müdirlərindən almaqla yanaşı, işlərin də ona yaxın olan şirkətlərə verilməsini təmin edir. Məlumat üçün bildirim ki, Zaqatala yollarının təmiri üçün bu kiçik idarəyə milyonlarla manat vəsait köçürülüb. Belə ki, 2012, 2013, 2014 cü illərdə 17 saylı Yol İstismar İdarəsi 3 milyon manatlıq tenderin qalibi olub. İdarə hər il rayonun müxtəlif kəndlərarası yollarının təmiri, tikintisini həyata keçirib. Yəni sənədlərdə. Reallıq isə bunun tam əksini göstərir. Bundan əmin olmaq üçün, sadəcə Zaqatalada kəndarası yollarla bir dəfə gedib-gəlmək yetərlidir. 17 saylı Yol İstismar İdarəsinin təmir etdiyi yolların ömrü cəmi bir neçə ay olur. Sonra yol dağılır və əvvəlkindən də pis vəziyyətə düşür. Çünki layihə-smetada nəzərdə tutulan işlərin kiçik bir hissəsi həyata keçirilir. Buna misal olaraq 8,2 kilometr uzunluğu olan Mazıx-Qəbizdərə avtomobil yolunu göstərmək olar. Həmin yol tikildikdən cəmi 1 il sonra bərbad hala düşüb. Bundan başqa, Zaqatalanın Əliabad, Kəpənəkçi, Yuxarı Çardaxlar, Bəhmətli, Yeni Suvagil , Qandax, Muğanlı, Maqov, Dombbinə, Yuxarı Tala, Aşağı Tala, Danaçı, Uzunqazmalar, Çobankol, Qımır, Bazar, Meşleş, Çüdülübinə, Laqodexbinə və digər kəndlərin yollarının əksəriyyəti bərbad haldadır".

Bu arada, Zaqatalanın təhsil, səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər qurumların fəaliyyətinin sakinlərin ciddi etirazlarına səbəb olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, Mübariz Əhmədzadə bir müddət əvvəl Kiprdə yerləşən özəl ali təhsil müəssisələrindən birini satın alıb: "Bir sözlə, hazırda Qax, Zaqatala və Balakən rayonları Mübariz Əhmədzadə, onun qardaşı Əhməd Əhmədzadə, eləcə də qohum və yaxın adamlarının nəzarətindədir. Bu səbəbdən də adıçəkilən rayonlarda Əhmədzadələrin izni olmadan daşı daş üstə qoymaq mümkün deyil".


Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Gündəlik Bakı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.